Bu səhər ABŞ-nin Minneapolis ştatında federal agent tərəfindən bir kişinin güllələnərək öldürüldüyü bildirilir. Hadisə ilə bağlı ilk məlumatı Minnesota Star Tribune yayıb. Daha sonra insidentin ölümcül atəş anını əks etdirən başqa rakursdan görüntülər də ictimaiyyətə təqdim edilib.
Redaksiya mənbəyə istinadən xəbər verir ki, yeni görüntülər Drop Site News tərəfindən dərc olunub. Məlumata görə, bu hadisə son 1 ay ərzində ICE tərəfindən baş verən ikinci atışmadır. Hadisədən sonra Minneapolis şəhərində etiraz aksiyaları başlayıb.
Nyu-York şəhərinin meri Zohran Mamdani məsələ ilə bağlı sərt açıqlama verərək bildirib: “ICE şəhərlərimizi terror edir. ICE hamımızı təhlükə altına qoyur. ICE ləğv edilməlidir.” Onun sözlərinə görə, federal qurumun fəaliyyəti şəhər sakinləri üçün ciddi risk yaradır.
Minneapolis meri Jacob Frey isə ABŞ prezidenti Donald Trampa müraciət edərək bunu liderlik göstərmək üçün bir an adlandırıb. O qeyd edib: “Bu məqamda Minneapolis, bu məqamda Amerikanı birinci yerə qoyun. Gəlin sülhə nail olaq.” Frey əlavə edib ki, bu cür əməliyyatlar başqa ölkələrdə müşahidə olunsa da, Amerikada, özü də böyük bir Amerika şəhərinin öz federal hökuməti tərəfindən faktiki olaraq işğalı formasında qəbulolunan deyil.
Minneapolis Polis İdarəsinin rəisinə görə, qurban 37 yaşlı, ağdərili kişi olub, Minneapolis sakini sayılır və ehtimal edilir ki, ABŞ vətəndaşıdır. Hadisənin təfərrüatları ilə bağlı araşdırma davam edir, şəhərdə isə təhlükəsizlik tədbirləri gücləndirilib.
