ABŞ Prezidenti Donald Tramp "Fox and Friends" proqramında çıxışı zamanı milyarder Corc Sorosun ölkə üzrə zorakılığa çevrilən təşkilatlanmış etirazlara maliyyə dəstəyi verdiyi iddiaları ilə bağlı RİCO qanunu çərçivəsində istintaq başladıldığını bəyan edib.
Redaksiya xəbər verir ki, Tramp bu açıqlamanı Vaşinqtondakı bahalı restoranda etirazçılarla qarşılaşmasından sonra səsləndirib. Prezident bildirib ki, etirazçıların onun restoran ziyarəti barədə əvvəlcədən məlumatlı olması Ağ Ev üçün təhlükəsizlik narahatlığı yaradıb. Tramp həmçinin bəzi iştirakçıların maddi imkanlı göründüyünü vurğulayaraq onların ödənişli etirazçılar ola biləcəyini iddia edib.
Tramp Sorosun 2022-ci il seçkilərində Demokrat Partiyasına 128,5 milyon dollar ianə etdiyini xatırladıb və onun oğlu Aleks Sorosun rəhbərlik etdiyi Açıq Cəmiyyət Fondu vasitəsilə sol yönümlü təşkilatlara maliyyə yardımları göstərildiyini qeyd edib. Sorosun təşkilatı isə bəyanatla çıxış edərək zorakı aksiyaları dəstəkləmədiyini, Trampın iddialarının yalan olduğunu vurğulayıb.
Məsələ Çarli Körkün qətli fonunda daha da kəskinləşib. ABŞ prezidenti Oval kabinetdən xalqa müraciətində radikal sol qrupların nifrət dolu ritorikasını günahlandıraraq, siyasi zorakılığın və sui-qəsdlərin bu təbliğatın nəticəsi olduğunu bildirib. Tramp həm medianı, həm də ictimaiyyəti nifrət dilinə qarşı birgə mübarizəyə çağırıb.
