Yaxın Şərqdə müharibənin davam etməsi qlobal yanacaq bazarında COVID dövrünə bənzər çatışmazlıq riski yaradıb. Carlyle Group-un baş məsləhətçisi Cef Karrie bildirib ki, problem artıq nəzəri ssenari deyil, real defisit mərhələsinə keçib.
Redaksiya Bloomberg və Reuters-ə istinadla xəbər verir ki, Karrie Avropanın may ayında, ABŞ-ın isə iyulun 4-ü ərəfəsində yanacaq ehtiyatlarında kritik minimum səviyyəyə çata biləcəyini deyib. Onun sözlərinə görə, bazarda hazırda tələbat təklifi üstələyir və ehtiyatlar sürətlə azalır.
Ən böyük risk distillatlar, təyyarə yanacağı, mayeləşdirilmiş neft qazları və dizel üzrə yaranır. Bu məhsullar Körfəz ölkələrinin ixracında mühüm yer tutur və Hörmüz boğazı ətrafındakı pozuntular onların qlobal axınını kəskin zəiflədir.
Reuters-in məlumatına görə, Asiyada emal olunmuş yanacaq ixracı artıq ciddi azalıb. Təyyarə yanacağı ixracı çoxillik minimuma düşüb, dizel ixracı isə son illərin ən aşağı səviyyələrindən birinə enib.
Karrie xəbərdarlıq edib ki, Hörmüz boğazı sabah açılsa belə, normal axınların bərpası dərhal mümkün olmayacaq. Gəmilərin yenidən marşruta qayıtması, sığorta xərclərinin normallaşması, mina riski, zədələnmiş infrastruktur və logistika zəncirlərinin bərpası ən azı bir neçə ay çəkə bilər.
Ekspertlər hesab edirlər ki, yanacaq defisiti uzanarsa, aviasiya, yükdaşımalar, kənd təsərrüfatı və sənaye istehsalı daha ağır təzyiq altında qalacaq. Bu isə ABŞ və Avropada inflyasiya riskini artıraraq iqtisadi yavaşlamanı dərinləşdirə bilər.
