ABŞ bu ölkələrə İranın hərbi proqramına görə yeni sanksiyalar tətbiq edib

ABŞ bu ölkələrə İranın hərbi proqramına görə yeni sanksiyalar tətbiq edib

Sevinc Kərimova · Media ·

ABŞ İranın hərbi proqramlarını dəstəklədiyi iddiası ilə İran, Çin, Belarus və BƏƏ-dən olan 11 təşkilat və 3 fiziki şəxsə qarşı yeni sanksiyalar tətbiq edib.

Redaksiya Reuters və “Financial Times”a istinadla xəbər verir ki, sanksiyalar xüsusilə İranın raket və pilotsuz uçuş aparatları proqramlarına dəstək verdiyi deyilən şirkətləri hədəf alır.

Məlumata görə, ABŞ tərəfi bəzi Çin şirkətlərini İranın Yaxın Şərqdəki ABŞ hərbi obyektlərinə hücumlarında istifadə olunan peyk görüntülərini təqdim etməkdə ittiham edir.

Sanksiya siyahısına “The Earth Eye”, “MizarVision” və “Chang Guang Satellite Technology” kimi Çin şirkətləri daxil edilib. Vaşinqton bu şirkətlərin İran tərəfinə geokəşfiyyat və peyk məlumatları ötürdüyünü iddia edir.

ABŞ dövlət katibi Marko Rubio bildirib ki, Vaşinqton İranın hərbi imkanlarını dəstəkləyən beynəlxalq şəbəkələrə qarşı təzyiqi artırmağa davam edəcək.

Pekin isə daha əvvəl oxşar ittihamları rədd edərək Çin şirkətlərinin beynəlxalq qanunlara uyğun fəaliyyət göstərdiyini bəyan edib.