ABŞ Avropanın yaşıl strategiyasını tənqid edib

ABŞ Avropanın yaşıl strategiyasını tənqid edib

Sevinc Kərimova · Siyasət ·

ABŞ-nin Ticarət naziri Hovard Latnik Avropanın enerji və iqlim siyasəti ilə bağlı kəskin açıqlamalar verərək, qitənin strateji asılılıq riski ilə üzləşdiyini bildirib. Onun sözlərinə görə, Avropa bərpa olunan enerji mənbələrinə keçidi düzgün sənaye bazası olmadan planlaşdırır və bu, ciddi iqtisadi və geosiyasi nəticələr yarada bilər.

Redaksiya xəbər verir ki, Hovard Latnik Avropanın 2030-cu ilə qədər “net zero” hədəfini qəbul etməsini sual altına alıb. O, Avropanın öz batareya istehsalının olmadığını vurğulayaraq “Onlar batareya istehsal etmirlər. Belə olan halda niyə günəş və külək enerjisinə bu şəkildə keçməlidirlər?” deyə bildirib.

Nazirin fikrincə, Avropa bu qərarla faktiki olaraq Çindən asılı vəziyyətə düşməyi qəbul edir. Latnik qeyd edib ki, batareyaların əsas istehsalçısı olan Çin bu sahədə üstünlüyə malikdir və Avropanın mövcud siyasəti onu texnoloji və sənaye baxımından Pekinə tabe vəziyyətə sala bilər.

Açıqlamada vurğulanıb ki, bərpa olunan enerji keçidi yalnız istehlak deyil, eyni zamanda istehsal zəncirinin də milli və regional səviyyədə qurulmasını tələb edir. ABŞ rəsmisi Avropanı sənaye potensialını gücləndirmədən iddialı iqlim hədəfləri müəyyənləşdirməyin uzunmüddətli risklər yaradacağı barədə xəbərdar edib.