ABŞ Hərbi Dəniz Qüvvələrinin aviadaşıyıcı zərbə qrupu Karib dənizinə daxil olub.
Redaksiya xəbər verir ki, bu barədə ABŞ Cənub Komandanlığı məlumat yayıb.
Qrupun tərkibinə Nimitz sinifli aviadaşıyıcı, Gridley esminesi və Patuxent yardımçı gəmisi daxildir.
Komandanlıq bildirib ki, Nimitz aviadaşıyıcısı Tayvan boğazından Fars körfəzinə qədər müxtəlif bölgələrdə “sabitliyi təmin edən və demokratiyanı qoruyan” döyüş gücünü nümayiş etdirib.
Bu hərbi hərəkət Vaşinqtonun Kubanın keçmiş lideri Raul Kastro və bir sıra şəxslərə qarşı ABŞ vətəndaşlarının öldürülməsi məqsədilə sui-qəsd ittihamları irəli sürdüyü dövrə təsadüf edir.
Kuba Prezidenti Migel Dias-Kanel isə Kastroya qarşı ittihamların hüquqi əsası olmadığını bildirib. Onun sözlərinə görə, bu addım Kubaya qarşı mümkün hərbi aqressiyanı əsaslandırmaq məqsədi daşıyır.
Mart ayında Pentaqon sənədlərindən ABŞ Hərbi Dəniz Qüvvələrinin ən yaşlı aviadaşıyıcısı olan Nimitz-in xidmət müddətinin daha 10 ay uzadıldığı məlum olmuşdu.
