Elektriklə işləyən nəqliyyat vasitələri, külək enerjisi və müdafiə sənayesi üçün həyati əhəmiyyət daşıyan minerallara qlobal tələbat artarkən, ABŞ-ın bu yarışda Afrika ölkələrinin təbii sərvətlərini necə ələ keçirdiyi sual doğurur.
Redaksiya xəbər verir ki, Kanada mənşəli “Asia Times” nəşrində bu mövzuya dair yayımlanan geniş təhlildə, ABŞ-ın Afrika ölkələrindəki münaqişələri necə fürsətə çevirdiyi, xüsusilə Demokratik Konqo Respublikası ilə Ruanda arasındakı gərginlikdən necə faydalandığı ətraflı şəkildə izah olunur.
Vaşinqtonun diplomatik manevri və mineral nəzarəti
Təhlildə qeyd olunur ki, ABŞ-ın vasitəçiliyi ilə 2025-ci ilin iyun ayında Demokratik Konqo Respublikası (DKR) ilə Ruanda arasında imzalanmış sülh sazişi əslində Konqonun zəngin yeraltı sərvətlərinin ABŞ-ın nəzarətinə keçməsi ilə nəticələnib. Bu razılaşma qarşılığında ABŞ, Konqoya təhlükəsizlik zəmanəti verib və hər iki ölkə “uçdan-uca şəffaf mədən zəncirləri” mexanizmi çərçivəsində ABŞ hökuməti və amerikalı sərmayədarlarla sıx əməkdaşlığa məcbur edilib.
Saziş həmçinin Afrika İttifaqı, Qətər və ABŞ nümayəndələrinin daxil olduğu ortaq nəzarət komitəsinin yaradılmasını nəzərdə tutur.
Mineralların arxasında dayanan münaqişə
Təhlil Konqonun zəngin kobalt, mis, lityum, manqan və tantaldan ibarət yataqlara malik olduğunu xatırladır. Bu minerallar süni intellekt texnologiyaları, elektrikli avtomobillər, külək enerjisi və hərbi texnika üçün əsas xammaldır. Ruanda isə, daha az resursa malik olsa da, xüsusilə tantalin istehsalında dünyanın öncül ölkələrindəndir.
Demokratik Konqo Respublikasında 30 ilə yaxındır davam edən qarşıdurmaların mərkəzində bu mineral sərvətlər dayanır. Hazırda yalnız ölkənin şərqində təxminən 130 silahlı qrup, o cümlədən hökumət qüvvələri tungsten, tantal və qızıl ehtiyatlarına nəzarət uğrunda savaşır.
Konqonun acı reallığı və kleptokratiya
109 milyon əhalisi və 2,3 milyon kvadrat kilometr ərazisi olan Konqo dövləti, logistika, maliyyə çatışmazlığı və korrupsiya səbəbindən təhlükəsizliyi təmin etməkdə acizdir. Təhlildə qeyd olunur ki, ölkədə geniş yayılmış kleptokratiya – yəni dövlət vəsaitlərinin sistemli şəkildə mənimsənilməsi – bu sərvətlərin xalqın xeyrinə istifadəsinə imkan vermir.
Afrikada təhlükəli müqavilələr dalğası
Asia Times həmçinin digər Afrika ölkələrində də bu cür razılaşmaların tez-tez baş verdiyini vurğulayır. Məsələn, Anqola 2004-cü ildə Çin Eximbank-dan aldığı neftlə təmin olunmuş 2 milyard dollarlıq kredit müqabilində dövlət gəlirlərinin Çinin nəzarətində olan hesablara köçürülməsinə razılaşmışdı. Bu isə ölkənin iqtisadi müstəqilliyini xeyli zəiflətdi.
Beləliklə, Afrika ölkələrinə qısa müddətli sabitlik vəd edən bu cür müqavilələr əslində onların suverenliyini və qərarvermə hüququnu məhdudlaşdırır. ABŞ-ın Konqo ilə imzaladığı son saziş də bu tendensiyanın davamıdır və regionda resurslar qarşılığında təsir zonasını genişləndirməyə xidmət edir.
Sevinc Kərimova
