44 günlük Vətən müharibəsi Azərbaycan hərb tarixinin ən şanlı və taleyüklü səhifələrindən biridir. Bu müharibə xalqımızın uzun illər ərzində yaşadığı ədalətsizliyə son qoymaq iradəsinin real təcəssümü oldu. Azərbaycan əsgəri döyüş meydanına yalnız hərbi tapşırığı yerinə yetirmək üçün deyil, işğal altında olan torpaqlarını azad etmək, tarixi ədaləti bərpa etmək məqsədilə qədəm qoymuşdu. 2020-ci il sentyabrın 27-də başlayan əks-hücum əməliyyatı qısa müddətdə genişmiqyaslı hərbi uğurlarla müşayiət olundu. Azərbaycan Ordusu hər gün irəliləyərək strateji yüksəklikləri, yaşayış məntəqələrini və mühüm əraziləri işğaldan azad edirdi.
Cəbrayıl, Füzuli, Zəngilan və Qubadlı şəhərlərinin azad edilməsi hərbi əməliyyatların gedişində mühüm dönüş nöqtələri yaratdı. Hadrut qəsəbəsinin və digər yaşayış məntəqələrinin azad olunması ordumuzun döyüş qabiliyyətini bir daha nümayiş etdirdi. Lakin bütün bu uğurların zirvəsi Azərbaycanın mədəniyyət paytaxtı Şuşanın azad edilməsi oldu. Şuşa əməliyyatı Azərbaycan hərbçilərinin yüksək peşəkarlığının, cəsarətinin və mürəkkəb döyüş şəraitində qərar qəbul etmək bacarığının nümunəsinə çevrildi.
Ordumuzun əldə etdiyi nəticələr uzun illər formalaşdırılmış hərbi potensialın və peşəkar hazırlığın bəhrəsi idi. Müasir texnologiyaların, pilotsuz uçuş aparatlarının və müxtəlif döyüş vasitələrinin səmərəli tətbiqi müharibənin gedişinə ciddi təsir göstərdi. Azərbaycan hərbçilərinin fədakarlığı yalnız döyüş meydanında deyil, yaralı əsgər və zabitlərin yenidən cəbhəyə qayıtmaq istəyində də özünü göstərirdi. Bu mənəvi güc ordunun döyüş ruhunun nə qədər yüksək olduğunu sübut edirdi. Vətən müharibəsi eyni zamanda xalqla ordu arasında sarsılmaz həmrəyliyin təntənəsi idi. Müharibə dövründə vətəndaşların könüllü şəkildə orduya dəstək verməsi, arxa cəbhədə nümayiş etdirilən fədakarlıq milli birliyin miqyasını ortaya qoydu.
Azərbaycan Ordusunun 44 gün ərzində əldə etdiyi nəticələr dünyanın müxtəlif hərbi və analitik dairələrinin diqqətini cəlb etdi. Müharibənin nəticəsi göstərdi ki, müasir dövrdə qələbə yalnız silah üstünlüyü ilə deyil, düzgün strategiya, texnoloji imkanlar və yüksək mənəvi hazırlıqla qazanılır. Bu Qələbənin arxasında canlarını fəda edən şəhidlərimizin misilsiz qəhrəmanlığı dayanır. Onların fədakarlığı Azərbaycan xalqının yaddaşında və dövlətçilik tariximizdə əbədi yaşayacaqdır. Bu gün Azərbaycan Ordusunun inkişaf etdirilməsi və müdafiə potensialının gücləndirilməsi Zəfərin qorunmasının mühüm şərtlərindən biridir. Zəfər Günü hər bir azərbaycanlıya xatırladır ki, Vətən sevgisi, milli birlik və peşəkar ordu ən böyük güc mənbəyidir.
Nazilə Məmmədova
Neftçala rayonu
