22 avqust Cümə günü Türkiyənin şərqində Qars–İğdır–Aralıq–Dilucu dəmir yolu xəttinin təməli qoyulacaq. Bu layihə yük və sərnişin daşımalarının gücləndirilməsində mühüm rol oynayacaq.
Redaksiya xəbər verir ki, Türkiyənin Nəqliyyat və İnfrastruktur nazirliyi məlumatında qeyd edib ki, dəhlizin istifadəyə verilməsi regionun nəqliyyat infrastrukturunu inkişaf etdirməklə yanaşı, Türkiyə ilə Azərbaycan arasında yeni bağlantılar yaradacaq.
Layihənin əsas məqsədi Türkiyəni Naxçıvan üzərindən birbaşa Azərbaycana bağlamaq və Zəngəzur (TRIPP) dəhlizini dəmir yolu xətti ilə canlandırmaqdır. Bu addım həm regional ticarət dövriyyəsini artıracaq, həm də Orta Dəhliz üzərindən beynəlxalq logistika imkanlarını genişləndirəcək.
Mütəxəssislərin fikrincə, dəmir yolunun tikintisi Türkiyənin tranzit mövqeyini daha da möhkəmləndirəcək və yükdaşımaları sürətləndirəcək. Layihənin uğurla həyata keçirilməsi, həmçinin bölgədə iqtisadi inteqrasiyanı dərinləşdirəcək.
Fərid Əlizadə
