Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə (AAYDA) məxsus “4 №-li Magistral Yolların İstismarı” MMC “Azəriqaz” İstehsalat Birliyini (İB)məhkəməyə verib.
Bu barədə MMC əvvəlcə Bakı Kommersiya Məhkəməsinə müraciət edib.
İş materiallarına əsasən, “4 №-li Magistral Yolların İstismarı” MMC tərəfindən 2025-ci ildə “Azəriqaz” İB-yə müraciət ünvanlanıb. Müraciətdə Abşeron rayonunun Güzdək qəsəbəsində yerləşən asfalt zavodunda bir ədəd bitum qızdıran çən və bir ədəd asfalt qurğusunu təbii qazla təmin edən xəttə quraşdırılmış sayğac üzrə həmin ilin may ayında qeydə alınmış 279 895 kubmetr qaz sərfiyyatı əsasında hesablanmış 67 174,80 manat borcun silinməsi və ağlabatan məbləğdə yenidən hesablanmanın aparılması xahiş olunub.
Şirkət müraciətində əks halda məhkəməyə üz tutacağını da bildirib.
Daha sonra “4 №-li Magistral Yolların İstismarı” MMC “Azəriqaz” İB-yə qarşı iddia qaldıraraq hesablanmış borcun əsassız olduğunu və yenidən hesablanmalı olduğunu tələb edib.
İddiaçı bildirib ki, Agentliyin yol təsərrüfatı sahəsində balansında olan avtomobil yollarının qorunması, saxlanılması və layihələndirilməsi üzrə fəaliyyət istiqamətlərini həyata keçirir. Tərəflər arasında bağlanmış qaz alqı-satqısı müqaviləsinə əsasən, şirkət “Azəriqaz” İB-nin Bakı Regional Qazın Satışı Departamentindən qaz alıb.
MMC-nin bildirdiyinə görə, əvvəlki dövrlərdə ona təqdim edilən elektron qaimə və hesab-fakturalar üzrə aylıq qaz sərfiyyatının dəyəri təxminən 2-4 min manat təşkil edib və bu məbləğlər vaxtında ödənilib.
Lakin 2025-ci ilin may ayı üzrə 279 895 kubmetr qaz sərfiyyatı qeydə alınaraq 67 174,80 manat borc hesablanıb. Şirkət bu göstəricinin real istehlakı əks etdirmədiyini və hesablamanın əsassız olduğunu iddia edib.
Həmçinin iddiaçı qaz təchizatının heç bir xəbərdarlıq edilmədən birtərəfli qaydada dayandırıldığını, bununla da müəssisənin təsərrüfat fəaliyyətinin məhdudlaşdırıldığını bildirib. Onun sözlərinə görə, qazın verilməsinin dayandırılması asfalt zavodunun və bir sıra digər istehsalat sahələrinin fəaliyyətinə mane olub, nəticədə Bakı-Yevlax magistral yoluna gündəlik xidmət göstərilməsi çətinləşib.
Cavabdeh “Azəriqaz” İB iddia tələbinə etiraz edərək hesablamanın qanuni və faktiki istehlak edilmiş qazın dəyərinə uyğun olduğunu deyib. Qurumun mövqeyinə görə, Güzdək qəsəbəsində yerləşən asfalt zavodunda qaz sərfinin uçotu 2023-cü ilin sentyabr ayında quraşdırılmış qaz sayğacı vasitəsilə aparılıb. Həmin sayğac 2020-ci il, 2023-cü il və sonuncu dəfə iddiaçının öz müraciəti və vəsaiti hesabına 2025-ci il tarixlərində dövlət yoxlamasından keçirilib, saz vəziyyətdə olduğu müəyyən edilərək istismarına icazə verilib.
“Azəriqaz” İB tərəf qeyd edib ki, Sumqayıt Regional Qaz İstismar İdarəsinin nümayəndələri tərəfindən 2025-ci ildə müvəqqəti qaz sayğacı quraşdırılıb və sərfiyyat müvafiq sayğac göstəriciləri əsasında hesablanıb.
“Azəriqaz”ın fikrincə, iddiaçının sayğacın nasaz olması ilə bağlı dəlilləri ehtimal xarakteri daşıyıb. Qurum bildirib ki, sayğacın iş rejimi, elektron korreksiya sistemi və müəssisənin istehsal həcmi nəzərə alındıqda, hesablanmış 67 174,80 manat məbləğində borc sayğacdan keçən və faktiki istehlak edilən qazın dəyəridir. Həmçinin əvvəlki illərdə də analoji həcmdə qaz sərfiyyatının qeydə alındığı vurğulanıb.
Cavabdeh qaz təchizatının dayandırılmasının müqavilənin 3.3 və 3.4-cü bəndlərinin, eləcə də qanunvericiliyin tələblərinin pozulması ilə əlaqədar həyata keçirildiyini bildirib. Qurumun mövqeyinə görə, müəssisədə itirilmiş qaza dair akt tərtib edilməyib və iddiaçıya məxsus obyektdə ayrıca yoxlama aparılmayıb.
Bakı Kommersiya Məhkəməsi tərəfindən mübahisənin araşdırılması zamanı sayğacın texniki vəziyyəti ilə bağlı sənədlər də tədqiq edilib.
İddiaçının müraciəti əsasında qaz sayğacı növbəti ay qüsurların müəyyən edilməsi məqsədilə dövlət yoxlamasına göndərilib və sayğac yoxlanılıb.
Yoxlama zamanı arxiv məlumatları araşdırılıb. Mütləq təzyiqin P=1,003-5 bar aralığında olduğu, korreksiya olunmuş maksimal qaz həcminin 1875 kubmetr, korreksiya olunmamış maksimal qaz həcminin isə 430 kubmetr təşkil etdiyi qeydə alınıb.
Yoxlama nəticəsində temperatur çeviricisinin normal vəziyyətdə olduğu, lakin onun naqilinin izolyasiya qatında yüngül zədənin olduğu müəyyən edilib. Təzyiq çeviricisinin normal işlədiyi, elektron göstəricinin isə Vmt mexaniki göstəricisindən 4896 kubmetr çox olduğu göstərilib.
Məhkəmə sayğacın yoxlanılması ilə bağlı protokolu və digər sənədləri qaz təchizatı sahəsində tənzimləyici qurumun nümayəndəsinə də təqdim edib. Aşkarlanmış texniki nöqsanların sayğacın istehlak edilmiş qazın həcmini düzgün ölçməsinə mane olub-olmaması barədə suallar ünvanlanıb.
Üçüncü şəxs qismində işə cəlb edilmiş Enerji Məsələlərini Tənzimləmə Agentliyinin nümayəndəsi həmin nöqsanların istehlak edilən qazın həcminin müəyyən olunmasına maneə yaratmadığı barədə birmənalı mövqe bildirib.
Bakı Kommersiya Məhkəməsinin qətnaməsi ilə “4 №-li Magistral Yolların İstismarı” MMC-nin iddiası təmin edilməyib. Məhkəmə qeyd edib ki, qazdan istifadə haqqında qanunvericiliyin tələblərinə əsasən, bir qayda olaraq, qaz paylayıcısı istehlakçıya verdiyi qazın dəyərini sayğac göstəriciləri əsasında hər ay hesablamalıdır. Bu baxımdan, cavabdeh tərəfindən 2025-ci ilin may ayı üzrə hesablanmış 67 174,80 manat məbləğində borcun sayğac göstəricilərinə əsaslandığı müəyyən edilib.
Məhkəmə texniki yoxlama zamanı müəyyən edilmiş nöqsanları da nəzərə alıb. Lakin tənzimləyici qurumun nümayəndəsinin həmin qüsurların qaz sərfinin düzgün ölçülməsinə mane olmadığı barədə mövqeyini əsas götürərək iddiaçının dəlillərini hesablamanın əsassızlığını təsdiqləyən kifayət qədər sübut kimi qiymətləndirməyib.
Birinci instansiya məhkəməsinin qətnaməsindən narazı qalan iddiaçı apellyasiya şikayəti verərək qərarın ləğv olunmasını və iddianın təmin edilməsini xahiş edib.
Bakı Apellyasiya Məhkəməsinin qətnaməsi ilə apellyasiya şikayəti təmin edilməyib, Bakı Kommersiya Məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılıb.
İddiaçı bununla da razılaşmayaraq kassasiya şikayəti verib. Şirkət apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsini və iddia tələbinin təmin olunmasını istəyib.
Ali Məhkəmə də şikayəti təmin etməyib və Bakı Apellyasiya Məhkəməsinin Kommersiya kollegiyasının qətnaməsini dəyişdirilmədən saxlayıb.
Beləliklə, “4 №-li Magistral Yolların İstismarı” MMC-nin 67 174,80 manat məbləğində qaz borcunun silinməsi və yenidən hesablanması tələbi üzrə iddiası bütün məhkəmə instansiyalarında rədd edilib.
Plat.az
