Ukrayna Prezidenti Volodimir Zelenski növbəti sülh danışıqlarının Ukrayna, Rusiya, ABŞ və Avropanın iştirakı ilə dördtərəfli formatda keçirilməsini təklif edib. O, həmçinin ölkəsinin təhlükəsizliyi üçün NATO və Avropa İttifaqına (Aİ) üzvlüyün mühüm əhəmiyyət daşıdığını bildirib.
Redaksiya xəbər verir ki, Zelenski Ukraynanın şəhər və kəndlərinin, eləcə də enerji və logistika infrastrukturunun qorunmasının əsas prioritet olduğunu vurğulayıb. Onun sözlərinə görə, bütün tərəfdaşlar Ukraynanın müdafiə imkanlarının gücləndirilməsi ilə razılaşıblar.
“Ukraynanın şəhərlərinin, kəndlərinin, enerji və logistika infrastrukturunun qorunması bizim əsas prioritetimizdir. Bütün tərəfdaşlarımız müdafiəmizi gücləndirməyə razılıq veriblər”, – deyə Ukrayna Prezidenti bildirib.
Zelenski Ukrayna ilə Avropa İttifaqı arasında əməkdaşlığın əhəmiyyətinə də toxunub. O qeyd edib ki, tərəflərin həyata keçirdiyi birgə proqram və layihələr təkcə Ukraynanın deyil, bütövlükdə Avropanın təhlükəsizliyini gücləndirir.
Ukrayna lideri müharibənin başa çatdırılması istiqamətində növbəti danışıqların formatı ilə bağlı da təklifini açıqlayıb.
“Növbəti görüş Ukrayna, Rusiya, ABŞ və Avropanın iştirakı ilə dördtərəfli formatda keçirilməlidir”, – deyə Zelenski vurğulayıb.
Onun sözlərinə görə, danışıqlarda Avropanı beş ölkə, həmçinin Avropa İttifaqı və NATO-nun nümayəndələri təmsil edəcəklər. Bununla belə, həmin beş ölkənin adları açıqlanmayıb.
Zelenski Ukraynanın Avropa və Avro-Atlantik strukturlara inteqrasiyasını ölkənin gələcək təhlükəsizliyi baxımından mühüm amil kimi qiymətləndirib.
“NATO-ya üzvlük Ukrayna üçün təhlükəsizlik təminatı olduğu kimi, Avropa İttifaqına üzvlük də belə bir təminatdır”, – deyə Ukrayna Prezidenti bildirib.
Dördtərəfli görüşün keçiriləcəyi tarix və məkan barədə isə hələlik məlumat verilməyib.
