Kuşner: Rusiya Ukraynaya təhlükəsizlik təminatları təklifindən razıdır

Kuşner: Rusiya Ukraynaya təhlükəsizlik təminatları təklifindən razıdır

Könül Məmmədova · Media ·

ABŞ Prezidenti Donald Trampın xüsusi nümayəndəsi Cared Kuşner Rusiyanın Ukraynaya NATO-nun 5-ci maddəsinə bənzər təhlükəsizlik təminatlarının verilməsi ideyasından razı qaldığını iddia edib. Onun sözlərinə görə, Vaşinqton Moskvanı mümkün təhlükəsizlik razılaşmasının bu prinsiplər əsasında qurulmasına razı salıb. Bu barədə Britaniyanın “The Guardian” nəşri məlumat yayıb.

Redaksiya mənbəyə istinadən xəbər verir ki, Kuşner Rusiyanın bu cür təhlükəsizlik mexanizmlərinə şübhə ilə yanaşdığını etiraf edib. O, məhz buna görə Avropa ilə Rusiya arasında dialoqun bərpasını vacib hesab etdiyini bildirib.

“Bilirəm ki, Rusiyada bu konsepsiyaya böyük şübhə və etimadsızlıqla yanaşırlar. Lakin məhz buna görə Avropa ilə Rusiya arasında dialoqu yenidən başlatmaq vacibdir”, – deyə Kuşner vurğulayıb.

ABŞ rəsmisinin sözlərinə görə, Ukraynaya NATO-nun kollektiv müdafiə prinsipinə bənzər təminatların verilməsi Vaşinqton üçün mühüm addımdır. O, Prezident Donald Trampın da bu yanaşmaya açıq olduğunu bildirib.

Bununla belə, Kuşner qeyd edib ki, mümkün təhlükəsizlik təminatları ABŞ-ın milli maraqlarına uyğun gəlməli və daha geniş təhlükəsizlik razılaşmasının tərkib hissəsi olmalıdır.

Rusiya tərəfi isə Ukraynaya NATO-nun 5-ci maddəsinə bənzər təhlükəsizlik təminatlarının verilməsinə razılıq verdiyini rəsmi şəkildə təsdiqləməyib.

Qeyd edək ki, NATO müqaviləsinin 5-ci maddəsi üzv dövlətlərdən birinə silahlı hücumun bütün üzvlərə qarşı hücum kimi qiymətləndirilməsini nəzərdə tutur. Lakin bu müddəa hər bir ölkənin avtomatik olaraq müharibəyə qoşulması demək deyil.

Maddəyə əsasən, müttəfiqlər hücuma məruz qalan ölkəyə yardım göstərmək üçün zəruri hesab etdikləri tədbirləri, o cümlədən hərbi gücdən istifadəni seçə bilərlər.

Ukrayna üçün nəzərdə tutulan oxşar təminatların konkret hansı öhdəlikləri əhatə edəcəyi və mümkün hücum zamanı necə tətbiq olunacağı isə hələlik açıqlanmayıb.