Zelenski: ABŞ Donbası Rusiyaya verməyi təklif edib

Zelenski: ABŞ Donbası Rusiyaya verməyi təklif edib

Könül Məmmədova · Media ·

Ukrayna Prezidenti Volodimir Zelenski ABŞ-ın Kiyevə Donbas bölgəsindən imtina etmək müqabilində təhlükəsizlik təminatları təklif etdiyini açıqlayıb. Onun sözlərinə görə, Vaşinqton NATO üzvlüyü əvəzinə alyansın təminatlarına bənzər təhlükəsizlik mexanizmi təklif edib. Zelenski bu yanaşmanın Ukraynanın təhlükəsizliyini təmin edəcəyinə şübhə ilə yanaşıb.

Redaksiya mənbəyə istinadən xəbər verir ki, Zelenski bu barədə Danimarkanın DR Nyheder nəşrinə müsahibəsində danışıb. Ukrayna Prezidentinin açıqlaması noyabrın 10-da dərc olunub.

Zelenskinin sözlərinə görə, amerikalı nümayəndələr ondan Ukraynanın Donbasdan imtina etməsi müqabilində təhlükəsizlik təminatlarını qəbul edib-etməyəcəyini soruşublar.

“Amerikalılar məndən Donbası təhlükəsizliklə dəyişməyin mümkün olub-olmadığını soruşanda dərhal bunun nə demək olduğunu dəqiqləşdirmək istədim. Söhbət NATO-dan gedirmi? Onlar NATO deyil, NATO-ya bənzər təminatlar təklif etdilər”, – deyə Zelenski bildirib.

Ukrayna Prezidenti belə bir təklifin qeyri-müəyyən olduğunu vurğulayıb. O qeyd edib ki, Vaşinqton Donbas məsələsində Kiyevdən konkret cavab gözlədiyi halda, təhlükəsizlik təminatlarının məzmunu aydın deyil.

Zelenski hesab edir ki, Ukrayna Donbasdan çəkilsə belə, bu, Rusiyanın gələcəkdə yeni hərbi əməliyyatlara başlamayacağına zəmanət vermir.

“Heç kim Putinin Donbası təhvil verdiyimiz halda dayanacağına inanmır. O, fasilə verə, bir, iki və ya beş ildən sonra yenidən qayıda bilər”, – deyə Ukrayna lideri xəbərdarlıq edib.

Zelenski Ukraynanın ərazi güzəştləri müqabilində qeyri-müəyyən təhlükəsizlik vədlərini qəbul etmək istəmədiyini bildirib.

Qeyd edək ki, ABŞ-ın vasitəçiliyi ilə Ukrayna və Rusiya nümayəndələri arasında Əbu-Dabidə danışıqlar keçirilib. Müzakirələrin əsas mövzuları arasında atəşkəs, ərazi məsələləri və uzunmüddətli təhlükəsizlik təminatları yer alıb.

Hələlik Donbasın Rusiyaya verilməsinə dair razılaşma əldə olunmayıb. Ukrayna rəhbərliyi ərazi güzəştlərinə qarşı mövqeyini qoruyur.