Zaqatalada yaşıl kənd təsərrüfatı üçün innovativ yanaşmalar fermerlərlə müzakirə olunub

Zaqatalada yaşıl kənd təsərrüfatı üçün innovativ yanaşmalar fermerlərlə müzakirə olunub

Aytac Dəniz · İqtisadiyyat ·

Zaqatalada “Yaşıl kənd təsərrüfatı: müasir texnologiyalar və innovativ yanaşmalar” mövzusunda "Gənc aqrarçı alim və mütəxəssislərə dəstək" İB-nin maliyyə dəstəyi, Azərbaycan Elm Fondunun “Yaşıl dünya naminə həmrəylik ili”nə həsr olunmuş “Əsas Qrant Müsabiqəsi–2024” (AEF-MGC-2024-2(50)) çərçivəsində təlim keçirilib. Zaqatala DAİM-də təşkil olunan tədbir alimləri, aqrar sahə mütəxəssislərini və fermerləri bir araya gətirib.

Seminarın əsas məqsədi kənd təsərrüfatında tətbiq olunan müasir elmi yanaşmaları praktik müstəvidə təqdim etmək, yeni texnologiyaların yerli şəraitdə tətbiq imkanlarını müzakirə etmək və elmlə fermer təsərrüfatları arasında birbaşa dialoqu gücləndirmək olub.

Tədbirin açılışında k.ü.f.d. Hacı Vahid Axundzadə çıxış edərək dayanıqlı kənd təsərrüfatının inkişafında elmi biliklərin istehsalata ötürülməsinin, yeni yanaşmaların sahə şəraitində sınaqdan keçirilməsinin və fermerlərlə əməkdaşlığın əhəmiyyətini vurğulayıb.

Seminarda “Gənc Aqrarçı Alim və Mütəxəssislərə Dəstək” İctimai Birliyinin nümayəndələri Rəna Xankişiyeva, Sənəm Vəliyeva və Nurlan Əmrahov müxtəlif istiqamətlər üzrə təqdimatlarla çıxış ediblər.
k.ü.f.d. Rəna Xankişiyeva müasir toxum texnologiyaları və kənd təsərrüfatında nanotexnologiyaların tətbiq imkanlarından danışıb. Təqdimatda toxumun səpinə hazırlanması, priming və örtüklənmə texnologiyaları, biopolimer və hidrogel əsaslı funksional örtüklər, faydalı mikroorqanizmlərin toxum vasitəsilə kök zonasına çatdırılması, nanogübrələr və qida maddələrinin nəzarətli buraxılması kimi innovativ yanaşmalar praktik nümunələrlə izah olunub.

Sənəm Vəliyeva kənd təsərrüfatı tullantılarının müasir texnologiyalar əsasında təkrar dəyərləndirilməsi və faydalı məhsullara çevrilməsi imkanlarından bəhs edib. Nurlan Əmrahov isə fitostimulyatorların bitkilərin stres amillərinə adaptasiyasında rolu və dayanıqlı bitkiçilikdə tətbiq perspektivlərini təqdim edib.

Seminarın diqqətçəkən hissələrindən biri təqdimatların fermerlərlə açıq müzakirə formatında davam etdirilməsi olub. Buğda və qarğıdalı toxumlarının əkinə hazırlanması, su və qida resurslarından daha səmərəli istifadə, bioloji preparatlar, toxum örtükləri və yeni texnologiyaların təsərrüfat şəraitində tətbiqi ilə bağlı fermerlərin sualları cavablandırılıb, praktik təcrübə və yanaşmalar ətrafında fikir mübadiləsi aparılıb.

Müzakirələr zamanı innovativ həllərin genişmiqyaslı tətbiqindən əvvəl yerli torpaq-iqlim şəraitində kiçik demonstrasiya sahələrində sınaqdan keçirilməsi, nəticələrin ənənəvi üsullarla müqayisə olunması və perspektivli yanaşmaların fermer təsərrüfatlarına mərhələli şəkildə ötürülməsinin əhəmiyyəti vurğulanıb.

Seminarın sonunda iştirakçılar arasında gələcək əməkdaşlıq imkanları ətrafında fikir mübadiləsi aparılıb. Tədbir yalnız elmi yeniliklərin təqdimatı ilə deyil, fermerlərin gündəlik praktik problemlərinin dinlənilməsi və bu problemlərə birgə həll yollarının müzakirəsi ilə yadda qalıb.