Yevlaxda  Anım Günü münasibətilə ehsan süfrəsi təşkil edilib

Yevlaxda Anım Günü münasibətilə ehsan süfrəsi təşkil edilib

Aytac Dəniz · Cəmiyyət ·

Yevlax Şəhər İcra Hakimiyyəti tərəfindən təşkil olunan ehsan süfrəsində Yevlax Şəhər İcra Hakimiyyətinin Başçısı Anar Tağıyev, Yeni Azərbaycan Partiyası Yevlax rayon təşkilatının sədri Rafiq Əliyev, rayonun hüquq-mühafizə orqanlarının, idarə, müəssisə və təşkilatlarının rəhbərləri, ictimaiyyət nümayəndələri, Bərdə “Seyid Yusif Ağa” Ziyarətgahının rəhbəri Seyid Səbuhi Yusifov, din xadimləri, şəhid ailələri, qazilər və müharibə veteranları iştirak ediblər.

Əvvəlcə Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin, ölkəmizin azadlığı, ərazi bütövlüyü və suverenliyi uğrunda canından keçmiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad olunub.

Xalqımızın Ümummilli Lideri Heydər Əliyevin və vətənimizin azadlığı, ərazi bütövlüyü uğrunda şəhidlik zirvəsinə ucalmış qəhrəmanların ruhuna dualar oxunub, müqəddəs “Qurani-Kərim”dən ayələr səsləndirilib.

Yevlax Şəhər İcra Hakimiyyətinin Başçısı Anar Tağıyev çıxışında Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusunun 2020-ci il sentyabrın 27-də başlayan Vətən müharibəsində qazandığı Şanlı Qələbə nəticəsində 30 ilə yaxın davam edən işğala son qoyaraq torpaqlarımızı işğaldan azad etdiyini bildirib. Həmçinin vurğulayıb ki, vətən uğrunda canlarını fəda edərək şəhidlik zirvəsinə ucalan qəhrəmanlarımız xalqımızın milli qürur mənbəyidir. İcra Hakimiyyətinin Başçısı eyni zamanda Möhtərəm Prezidentimiz cənab İlham Əliyevin və Birinci vitse-prezidentimiz hörmətli Mehriban xanım Əliyevanın şəhidlərimizə, onların doğmalarına və qazilərimizə göstərdiyi diqqət və qayğının əsl fədakarlıq və dövlətçilik nümunəsi olduğunu qeyd edib.

Mərasimdə Bərdə “Seyid Yusif Ağa” Ziyarətgahının rəhbəri Seyid Səbuhi Yusifov, 44 günlük Vətən müharibəsinin şəhidi, baş leytenant Ceyhun Əyyubovun anası Arzu Əyyubova və Vətən müharibəsi iştirakçısı, Yevlax şəhər 7 nömrəli tam orta məktəbin çağırışaqədərki hazırlıq rəhbəri Zəfər Qarayev çıxış edərək 44 günlük Vətən müharibəsində Azərbaycan xalqının nümayiş etdirdiyi birlik və həmrəylikdən, Azərbaycan Ordusunun qəhrəmanlığından, şəhidlərimizin Vətən qarşısında göstərdiyi misilsiz fədakarlıqdan söz açıblar.

Yevlax Şəhər Mədəniyyət Mərkəzinin əməkdaşlarının tərəfindən şəhidlərimizin əziz xatirəsinə həsr olunmuş ədəbi-bədii kompozisiya nümyiş etdirilib.

Şəhid ailələri və qazilər onlara göstərilən diqqət və qayğıya görə dövlət başçısı İlham Əliyevə və Birinci vitse-prezident Mehriban Əliyevaya minnətdarlıqlarını ifadə ediblər.