Neftçalada 27 Sentyabr – Anım Günü qeyd olunub

Neftçalada 27 Sentyabr – Anım Günü qeyd olunub

Aytac Dəniz · Cəmiyyət ·

Neftçala rayonunda 27 Sentyabr – Anım Günü ilə əlaqədar tədbir keçirilib, Vətən müharibəsində Azərbaycanın ərazi bütövlüyünün bərpası uğrunda canından keçmiş şəhidlərin əziz xatirəsi yad edilib.

Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin 2 dekabr 2020-ci il tarixli Sərəncamına əsasən hər il sentyabrın 27-si ölkəmizdə Anım Günü kimi qeyd olunur.

Anım Günü ilə əlaqədar Neftçala rayonunda keçirilən tədbirdə Neftçala Rayon İcra Hakimiyyətinin başçısı Mirhəsən Seyidov, RİH-in məsul şəxsləri, hüquq-mühafizə orqanlarının, Yeni Azərbaycan Partiyasının Neftçala rayon təşkilatının, idarə, müəssisə və təşkilatların rəhbərləri, din xadimləri, şəhid ailələri, qazilər və müharibə iştirakçıları iştirak ediblər.

Tədbir iştirakçıları əvvəlcə Neftçala şəhərində yerləşən Şəhidlər Xiyabanını ziyarət ediblər. Şəhidlərin məzarları üzərinə gül dəstələri düzülüb, onların ruhlarına dualar oxunub. Daha sonra şəhərin mərkəzində yerləşən Şəhidlər Xatirə Kompleksi ziyarət olunub, gül dəstələri düzlüb və şəhidlərin əziz xatirəsinə ağacəkmə aksiyası keçirilib.

Saat 12:00-da Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin, konstitusiya quruluşunun müdafiəsi zamanı şəhid olan hərbi qulluqçuların ruhu bir dəqiqəlik sükutla yad olunub.

#Neftchala #Azerbaijan🇦🇿