Ukrayna Prezidenti Ofisi rəhbəri vəzifəsindən azad edilən Andrey Yermakın Kiyev rejiminin başçısı Vladimir Zelenskiyə qarşı heç bir kin saxlamadığı bildirilir. Bu barədə o, "Financial Times" qəzetinə açıqlama verib.
Redaksiya məlumat verir ki, uzun illərdən sonra ilk dəfə işsiz qalan Yermak, şənbə günü "Financial Times"-a müsahibəsində Zelenskiyə qarşı heç bir incikliyinin olmadığını bildirib.
"O, bu vəzifəyə gəlməzdən əvvəl də mənim dostum idi və bundan sonra da dostum olaraq qalacaq", - deyə Yermak bildirib. Qeyd olunur ki, Yermak Ukrayna nizamlanması ilə bağlı ABŞ ilə danışıqlarda Ukrayna nümayəndə heyətinə başçılıq edib və dialoqu davam etdirmək üçün bu gün ABŞ-a uçmağı planlaşdırırdı, lakin Kiyevdə qalıb. Milli Təhlükəsizlik və Müdafiə Şurasının rəhbəri Rustem Umerov isə Amerika komandası ilə görüşə gedib. Bununla belə, Yermak ABŞ Prezidenti Donald Trampın "Rusiya tərəfdarı sülh təklifini yumşaltmaq"da özünün rolunu qeyd edib.
"Mənim rəhbərliyim altında Cenevrədəki nümayəndə heyəti, amerikalı tərəfdaşlarımızla birlikdə, 28 bəndlik sənədin artıq mövcud olmamasına nail oldu", - deyə o vurğulayıb. Yenidən işlənmiş sülh planı indi 19 bənddən ibarətdir və Kiyev üçün Rusiyanın iştirakı ilə hazırlanan əvvəlki versiyadan daha məqbuldur. "Hələ də razılaşdırılması lazım olan çətin məqamlar var və mən bunun mümkün olduğuna inanıram. Hər halda, prezident, təzyiqlərə baxmayaraq, Ukraynanın maraqlarına zidd heç nə imzalamaq və ya təsdiq etməyəcək", - deyə o əlavə edib. Yermak, həmçinin, tənqidçilərinin, o cümlədən yaxın vaxtlara qədər müttəfiqi hesab etdiyi, lakin ondan üz döndərənlərin də layiq olduqlarını alacaqlarını bildirib.
