YAP-ın yaranması müasir Azərbaycan dövlətçiliyinin inkişafında tarixi dönüş nöqtəsidir!

YAP-ın yaranması müasir Azərbaycan dövlətçiliyinin inkişafında tarixi dönüş nöqtəsidir!

Könül Məmmədova · Siyasət ·

Yeni Azərbaycan Partiyasının 21 noyabr 1992-ci ildə təsis edilməsi Azərbaycanın müasir siyasi tarixində mühüm hadisələrdən biri kimi xüsusi əhəmiyyət daşıyır. Həmin dövrdə ölkə mürəkkəb siyasi, iqtisadi və sosial proseslərlə üzləşmiş, dövlət müstəqilliyinin qorunması ciddi sınaq qarşısında qalmışdı.

Belə bir şəraitdə Azərbaycanın gələcəyini düşünən ziyalıların yeni siyasi təşkilat yaratmaq təşəbbüsü tarixi zərurətdən irəli gəlirdi. Bu təşəbbüsün əsas məqsədi ölkədə siyasi sabitliyin bərqərar edilməsinə, dövlətçilik ənənələrinin qorunmasına və müstəqil Azərbaycanın inkişafına töhfə vermək idi. Yeni Azərbaycan Partiyasının yaradılması ideyası ətrafında birləşən ziyalılar xalqın böyük etimad göstərdiyi Ulu Öndər Heydər Əliyevin rəhbərliyini zəruri hesab edirdilər. 1992-ci il oktyabrın 16-da 91 nəfər tanınmış ziyalının Heydər Əliyevə ünvanladığı müraciət həmin siyasi prosesin mühüm başlanğıcı oldu. Bu müraciət yalnız ayrı-ayrı şəxslərin siyasi təşəbbüsü deyil, eyni zamanda cəmiyyətin dəyişikliklərə olan ehtiyacının ifadəsi idi.

Heydər Əliyevin müraciətə verdiyi cavabda yeni partiyanın yaradılmasının obyektiv zərurətdən irəli gəldiyi xüsusi vurğulanırdı. Beləliklə, Azərbaycanın siyasi həyatında yeni mərhələnin əsasları formalaşmağa başladı. 1992-ci il noyabrın 21-də Naxçıvanda keçirilən təsis konfransı bu prosesin məntiqi nəticəsi oldu. Ölkənin müxtəlif regionlarını təmsil edən 550 nəfərlik təşəbbüs qrupunun iştirakı partiyanın geniş ictimai dayaqlara malik olduğunu nümayiş etdirdi. Konfransda partiyanın yaradılması haqqında qərarın qəbul edilməsi, Nizamnamə və Proqramın təsdiqlənməsi təşkilati-siyasi baxımdan mühüm əhəmiyyət daşıyırdı. Ulu Öndər Heydər Əliyevin yekdilliklə partiyanın sədri seçilməsi isə onun cəmiyyətin böyük etimadını qazandığının göstəricisi idi. Yeni Azərbaycan Partiyası qısa müddətdə ölkənin aparıcı siyasi qüvvəsinə çevrilərək dövlətçilik maraqlarının müdafiəsində mühüm rol oynadı. Partiyanın siyasi fəaliyyəti müstəqilliyin möhkəmləndirilməsi, milli həmrəyliyin gücləndirilməsi və davamlı inkişafın təmin edilməsi istiqamətində formalaşdı. Bu baxımdan YAP-ın yaranması sadəcə yeni siyasi təşkilatın meydana gəlməsi deyil, Azərbaycanın gələcək inkişaf strategiyasının siyasi əsaslarının qurulması idi. Partiyanın keçdiyi tarixi yol göstərir ki, milli maraqlar ətrafında birləşmək dövlətin güclənməsinin mühüm şərtlərindəndir.

Bu gün Yeni Azərbaycan Partiyasının təsis edilməsinin tarixi əhəmiyyəti müasir Azərbaycanın siyasi və ictimai inkişafı fonunda daha aydın görünür. Dövlət müstəqilliyinin qorunması və möhkəmləndirilməsi istiqamətində əldə edilmiş nailiyyətlər həmin tarixi qərarın strateji əhəmiyyətini təsdiqləyir.

Əliheydər Qarayev
Neftçala rayonu