Ulu Öndər Heydər Əliyev siyasi irsi və Yeni Azərbaycan Partiyasının inkişaf strategiyası

Ulu Öndər Heydər Əliyev siyasi irsi və Yeni Azərbaycan Partiyasının inkişaf strategiyası

Aytac Dəniz · Siyasət ·

Ulu Öndər Heydər Əliyevin siyasi fəaliyyəti müasir Azərbaycan dövlətçiliyinin formalaşması və inkişafı ilə ayrılmaz şəkildə bağlıdır.

Onun rəhbərliyi ilə 1992-ci ildə Yeni Azərbaycan Partiyasının yaradılması ölkənin mürəkkəb siyasi şəraitində dövlətçilik maraqlarının müdafiəsinə yönəlmiş mühüm addım idi. Heydər Əliyev yeni siyasi təşkilatın qarşısında yalnız hakimiyyət uğrunda mübarizə deyil, müstəqil dövlətin möhkəmləndirilməsi kimi daha geniş və məsuliyyətli vəzifə qoymuşdu. Bu yanaşma partiyanın ideoloji və təşkilati əsaslarının formalaşmasında həlledici rol oynadı. Ulu Öndərin siyasi fəlsəfəsinin əsasını milli maraqlar, dövlət müstəqilliyi, qanunun aliliyi və xalqla hakimiyyət arasında etimad təşkil edirdi. Yeni Azərbaycan Partiyasının qısa müddətdə ümumxalq partiyasına çevrilməsi bu siyasi xəttin cəmiyyətdə geniş dəstək qazandığını göstərirdi. Heydər Əliyevin müəyyən etdiyi inkişaf istiqaməti Azərbaycanın siyasi sabitliyinin təmin olunmasına və dövlət institutlarının möhkəmləndirilməsinə xidmət edirdi. Onun rəhbərliyi ilə partiya ölkənin ictimai-siyasi həyatında aparıcı mövqeyə yüksəldi. 2005-ci il martın 26-da keçirilən III qurultayda Möhtərəm Prezident cənab İlham Əliyevin partiyanın sədri seçilməsi YAP-ın siyasi fəaliyyətində yeni mərhələnin başlanğıcı oldu. Bu dəyişiklik Heydər Əliyevin müəyyən etdiyi siyasi kursun davamlılığının təmin edilməsi baxımından mühüm əhəmiyyət daşıyırdı. Prezident İlham Əliyev həmin siyasi irsi müasir dövrün çağırışlarına uyğun şəkildə inkişaf etdirməklə dövlət idarəçiliyində yeni prioritetlərin müəyyənləşdirilməsinə nail oldu. Varislik prinsipi ilə yanaşı, siyasi və iqtisadi proseslərə uyğunlaşma partiyanın inkişaf strategiyasının mühüm xüsusiyyətinə çevrildi. 2021-ci ildə qəbul edilmiş yeni Proqram partiyanın gələcək fəaliyyət istiqamətlərini daha sistemli şəkildə müəyyənləşdirdi. Həmin sənəddə Heydər Əliyev yolu, müstəqillik, azərbaycançılıq, dövlətçilik, qanunun aliliyi və sosial ədalət kimi fundamental dəyərlər ön plana çəkildi. Bununla yanaşı, konstruktiv əməkdaşlıq, multikultural cəmiyyət və demokratik ənənələrin inkişafı partiyanın siyasi prinsipləri sırasında yer aldı. Proqramda müəyyənləşdirilən strateji hədəflər güclü iqtisadiyyatın qurulması, insan kapitalının inkişafı, şəffaflığın artırılması və milli-mənəvi dəyərlərin qorunmasını əhatə edir.

Yeni Azərbaycan Partiyasının müasir inkişaf strategiyasının mühüm istiqamətlərindən biri də işğaldan azad edilmiş ərazilərə Böyük Qayıdış prosesinə dəstək verməkdir. Bu hədəf Azərbaycanın ərazi bütövlüyünün və suverenliyinin tam bərpasından sonrakı inkişaf mərhələsinin prioritetləri ilə uzlaşır. Ümummilli lider Heydər Əliyev siyasi irsinin davam etdirilməsi yalnız tarixi ənənələrin qorunması deyil, həm də həmin ideyaların yeni şəraitdə səmərəli tətbiqi deməkdir. Məhz bu baxımdan Yeni Azərbaycan Partiyası dövlətçilik ənənələri ilə müasir siyasi idarəetmə yanaşmalarını birləşdirən aparıcı siyasi təşkilat kimi fəaliyyətini davam etdirir.

Ədalət Hüseynov
Neftçala rayonu