Venesuelanın müvəqqəti prezidenti Delsi Rodriges ABŞ xalqına müraciət edərək ölkəsinə qarşı həyata keçirilmiş hərəkətləri kəskin şəkildə tənqid edib. O bildirib ki, nüvə gücünə malik bir dövlət tərəfindən edilən bu addım Venesuelanın layiq olmadığı aqressiya nümunəsidir və iki xalqın ortaq tarixinə kölgə salır.
Redaksiya xəbər verir ki, Delsi Rodriges çıxışında Venesuelanın bu hadisəyə cavabının qisas üzərində qurulmayacağını vurğulayıb. Onun sözlərinə görə, rəsmi Karakas cavabını nümunə göstərməklə, yəni beynəlxalq arenada davranışı və siyasəti ilə verəcək.
Venesuela rəhbəri bildirib ki, ölkəsinin mövqeyi Bolivar diplomatiyasına əsaslanacaq və bu yol Venesuelanın azadlıq mübarizəsinin simvolu olan Azadedicinin irsi ilə istiqamətləndiriləcək. O, beynəlxalq münasibətlərdə ədalət və qarşılıqlı hörmət prinsiplərinin əsas götürüləcəyini qeyd edib.
Açıqlamada vurğulanıb ki, Venesuela bu prosesi öz suverenliyini və ləyaqətini qorumaq üçün tarixi məsuliyyət kimi görür. Rəsmi Karakas beynəlxalq ictimaiyyəti baş verənlərə obyektiv qiymət verməyə və dialoqa əsaslanan yanaşmanı dəstəkləməyə çağırır.
