Venesuela Beynəlxalq Cinayət Məhkəməsindən çıxır

Venesuela Beynəlxalq Cinayət Məhkəməsindən çıxır

Könül Məmmədova · Media ·

Venesuela Beynəlxalq Cinayət Məhkəməsindən çıxmaq barədə “geri dönməz” qərarını Birləşmiş Millətlər Təşkilatına rəsmən təqdim edib. Bu barədə Reuters məlumat yayıb.

Redaksiya istinadla xəbər verir ki, Venesuelanın xarici işlər naziri Feliks Plasensiya qərarın BMT baş katibinə göndərilən rəsmi bildirişlə çatdırıldığını açıqlayıb.

Karakas qərarını Beynəlxalq Cinayət Məhkəməsinin fəaliyyətində “coğrafi qərəz” olduğunu iddia etməklə əsaslandırıb. Venesuela hökumətinin mövqeyinə görə, məhkəmə Afrika və Latın Amerikası başda olmaqla Qlobal Cənub ölkələrini qeyri-mütənasib şəkildə hədəfə alır.

Roma Statutunun 127-ci maddəsinə əsasən, üzv dövlət BMT baş katibinə yazılı bildiriş təqdim etməklə sazişdən çıxa bilər. Bildirişdə daha gec tarix göstərilmədiyi halda, qərar sənədin qəbulundan bir il sonra qüvvəyə minir. Ölkənin çıxması daha əvvəl başlanmış araşdırma və öhdəlikləri avtomatik dayandırmır.

Venesuela parlamenti 2025-ci ilin dekabrında Roma Statutunun ratifikasiyasına dair qanunu ləğv edərək məhkəmədən çıxış prosesinə hüquqi zəmin yaratmışdı. Beynəlxalq Cinayət Məhkəməsi 2021-ci ildən Venesuelada insan hüquqlarının pozulması ilə bağlı iddiaları araşdırır.