“Uber” müştəri xidmətləri bölməsində çalışan əməkdaşların 10 faizini ixtisar edib. Şirkət qərarın əməliyyatların sadələşdirilməsi və süni intellektdən istifadənin genişləndirilməsi çərçivəsində verildiyini açıqlayıb.
Redaksiya xəbər verir ki, ixtisarlar sərnişinlərə, sürücülərə və çatdırılma tərəfdaşlarına dəstək göstərən qlobal “Community Operations” komandasını əhatə edir. Bu, “Uber”in iş yerlərinin azaldılmasını açıq şəkildə Sİ-nin tətbiqi ilə əlaqələndirdiyi ilk hal kimi təqdim olunur.
“Uber”in qlobal icma əməliyyatları üzrə vitse-prezidenti Meqa Yetadka əməkdaşlara göndərdiyi məlumatda strukturun həddindən artıq mürəkkəb və ayrı-ayrı bölmələrə parçalanmış vəziyyətə gəldiyini bildirib. Onun sözlərinə görə, belə təşkilati model süni intellektin imkanlarından geniş miqyasda səmərəli istifadəni çətinləşdirir.
Şirkət hesab edir ki, Sİ mövcud qarışıq proseslərin üzərinə sadəcə əlavə edilməklə gözlənilən nəticəni verməyəcək. Buna görə iş axınlarının, komanda strukturlarının və qərarvermə mexanizmlərinin əvvəlcə sadələşdirilməsi nəzərdə tutulur.
“Uber” ixtisarlarla yanaşı, bəzi məsafədən çalışan əməkdaşlardan şirkətin əsas ofislərinə yaxın ərazilərə köçməyi və həftədə azı üç gün ofisdən işləməyi tələb edib. Şirkət dəyişikliklərin əməliyyatları sadələşdirmək, əməkdaşlığı gücləndirmək və süni intellektdən daha geniş istifadə etmək məqsədi daşıdığını bildirir.
