ÜST hantavirusla bağlı sakitliyə çağırıb

ÜST hantavirusla bağlı sakitliyə çağırıb

Aytac Dəniz · Media ·

Ümumdünya Səhiyyə Təşkilatının rəsmisi Mariya Van Kerxove son yoluxma hadisələri ilə bağlı COVID-19-a bənzər yeni pandemiya iddialarını təkzib edib. O bildirib ki, söhbət koronavirusdan yox, tamamilə fərqli virusdan gedir.

Redaksiya ÜST-yə istinadla xəbər verir ki, Van Kerxove bu hadisənin COVID-19 tipli yeni pandemiyanın başlanğıcı kimi qiymətləndirilməməli olduğunu vurğulayıb. Onun sözlərinə görə, hazırkı vəziyyət diqqətlə izlənilsə də, qlobal pandemiya ssenarisi kimi təqdim olunmur.

ÜST rəsmisi qeyd edib ki, fərqli virus ailələrinə aid yoluxmaların COVID-19-la eyniləşdirilməsi ictimaiyyətdə əsassız panika yarada bilər. Buna görə də məlumatlar yalnız rəsmi səhiyyə qurumlarının təsdiqlənmiş açıqlamaları əsasında qiymətləndirilməlidir.

Van Kerxove bildirib ki, səhiyyə qurumları yoluxma hallarını izləyir, kontaktların müəyyənləşdirilməsi və risklərin qiymətləndirilməsi üzrə iş aparır. Hazırkı mərhələdə əsas məqsəd hadisənin mənbəyini dəqiqləşdirmək və mümkün yayılmanın qarşısını almaqdır.

ÜST əhaliyə gigiyena qaydalarına əməl etməyi, simptomlar yarandıqda tibbi yardım üçün müraciət etməyi və təsdiqlənməmiş məlumatlara əsasən panikaya düşməməyi tövsiyə edir.