Türkiyədə Terrorsuz Türkiyə prosesinin hüquqi əsasını təşkil edəcək 12 maddəlik çərçivə qanunu Türkiyə Böyük Millət Məclisində qəbul edilərək qanuniləşib. Səsvermədə ümumilikdə 562 deputat iştirak edib, onlardan 468-i qanunun lehinə, 88-i əleyhinə səs verib, 6 deputat isə bitərəf qalıb.
Redaksiya xəbər verir ki, açıq səsvermənin nəticələrinə əsasən, hakim Ədalət və İnkişaf Partiyasından 268 deputat qanunun lehinə səs verib, partiyadan əleyhinə səs verən olmayıb. Milliyyətçi Hərəkat Partiyasının 44 deputatı da qanunu dəstəkləyib. DEM Partiyasından isə 55 deputat lehinə səs verib.
Yeni Partiyasında səslər bölünüb. Partiyanın 35 deputatı qanunun lehinə, 54 deputatı isə əleyhinə səs verib. Cümhuriyyət Xalq Partiyasından 29 deputat qanunu dəstəkləyib, 2 deputat isə əleyhinə səs verib. İYİ Partiyanın səsvermədə iştirak edən 29 deputatının hamısı qanunun əleyhinə mövqe tutub.
Qanun Türkiyədə PKK-nın silahsızlaşdırılması və təşkilati strukturunun ləğvindən sonrakı mərhələnin hüquqi çərçivəsinin formalaşdırılmasını nəzərdə tutan prosesin əsas qanunvericilik addımlarından biridir. Reuters avqustun 5-də hakim AK Partiya və MHP-nin parlamentə bu istiqamətdə qanun layihəsi təqdim etdiyini və layihənin keçmiş PKK üzvlərinin hüquqi statusu, geri dönüşü və silahsızlaşdırma prosesinin idarə olunması kimi məsələləri əhatə etdiyini yazmışdı.
Bundan əvvəl TBMM-də yaradılmış Milli Həmrəylik, Qardaşlıq və Demokratiya Komissiyası fevral ayında proses üzrə hüquqi islahatlar üçün yol xəritəsini təsdiqləmişdi. Komissiyanın hesabatında silah və zorakılıqdan imtina edən şəxslərin cəmiyyətə reinteqrasiyası üçün ayrıca və müvəqqəti hüquqi mexanizmin yaradılması tövsiyə olunurdu.
