Türkiyədə Can Holdinqə qarşı ikinci əməliyyatda professor Remzi Sanver saxlanıldı

Türkiyədə Can Holdinqə qarşı ikinci əməliyyatda professor Remzi Sanver saxlanıldı

Sevinc Kərimova · Kriminal ·

Türkiyədə Can Holdinqə qarşı aparılan “cinayətkar təşkilat yaratmaq, qaçaqmalçılıq, dələduzluq və çirkli pulların yuyulması” ittihamları üzrə istintaq çərçivəsində ikinci əməliyyat dalğası həyata keçirilib. Əməliyyat nəticəsində 35 nəfər barəsində həbs qərarı çıxarılıb.

Redaksiya xəbər verir ki, əməliyyatı İstanbul İl Jandarma Komandanlığının Qaçaqçılıq və Mütəşəkkil Cinayətkarlıqla Mübarizə Şöbəsi (KOM) həyata keçirib. Onların arasında Hür və Qəbul Edilmiş Masonlar Dərnəyinin Böyük Üstadı, professor doktor Remzi Sanverin də olduğu bildirilir.

Məlumata görə, saxlanılanlar arasında Binsat Holdinqin İdarə Heyətinin sədrləri Arafat Bingöl və Cengiz Bingöl, Bilgi Universitetinin sabiq rektoru Remzi Sanver, Mehmet Kenan Tekdağ, eləcə də Can Holdinqin sahiblərindən Şakir Can və Murat Canın həyat yoldaşları Bətül Can və Zühəl Can da var. Ümumilikdə 26 nəfərin artıq həbs edildiyi, digərlərinin axtarışda olduğu bildirilir.