Türkiyə prokurorluğu İsrailin baş naziri Benyamin Netanyahu və daha 36 yüksək vəzifəli rəsmi barəsində həbs qərarı verib. Onların Qəzzada mülki əhaliyə qarşı həyata keçirilən hərbi əməliyyatlarda soyqırım və bəşəriyyətə qarşı cinayətlərdə şəxsi məsuliyyət daşıdıqları iddia olunur.
Redaksiya xəbər verir ki, İstanbul prokurorluğunun yaydığı məlumatda qərar Türkiyənin ümumdünya yurisdiksiyası qanunları çərçivəsində açılmış cinayət işinin nəticəsi olaraq qəbul edilib. İstintaq çərçivəsində müdafiə naziri İsrail Kats və milli təhlükəsizlik naziri İtamar Ben-Qvir də daxil olmaqla, bir sıra komandirlərin və siyasi fiqurların mülki əhalinin hədəfə alınmasında rol oynadığı iddia edilir.
Rəsmilər hazırda Türkiyədə olmadığı üçün həbs qərarı qiyabi şəkildə çıxarılıb. Hüquqşünaslar bu addımın gələcəkdə beynəlxalq səviyyədə hüquqi prosedurların işə düşməsi üçün presedent yarada biləcəyini bildirirlər. Hesabatlarda Qəzzada minlərlə dinc sakinin həyatını itirdiyi və infrastruktrun geniş şəkildə dağıdıldığı qeyd olunur.
