Türkiyə ilə Birləşmiş Krallıq arasında hərbi hava qüvvələri sahəsində əməkdaşlıq genişlənir.
Redaksiya xəbər verir ki, Milli Müdafiə naziri Yaşar Gülər və Birləşmiş Krallığın müdafiə naziri Con Hili İDEF 2025 sərgisi çərçivəsində “Eurofighter Typhoon” döyüş təyyarələrinin tədarükünə dair Anlaşma Memorandumu imzalayıblar. Rəsmi mərasimdə çıxış edən Gülər, iki ölkə arasında möhkəm tarixi bağların olduğunu və bu sənədin həm müdafiə sənayesində əməkdaşlığı dərinləşdirəcəyini, həm də NATO-nun hava gücünə töhfə verəcəyini vurğulayıb.
Sənəd Türkiyənin “Eurofighter” konsorsiumuna qoşulmaq istiqamətində atdığı əhəmiyyətli bir addım kimi qiymətləndirilir. Bu, Ankara ilə London arasında strateji tərəfdaşlığın daha da möhkəmlənməsinə xidmət edir.
Türkiyə Müdafiə Nazirliyinin yaydığı məlumatda bildirilir ki, bu memorandum iki ölkə arasında münasibətləri rəsmi statusa qovuşdurur və “Typhoon” təyyarələri üzrə tamhüquqlu razılaşmaya bir addım daha yaxınlaşdırır.
Sevinc Kərimova
