Türkiyənin müdafiə sənayesi ekosistemi eyni vaxtda 50-dən çox hərbi gəminin inşasını həyata keçirir. Gəmilər Türkiyə Hərbi Dəniz Qüvvələri ilə yanaşı, dost və müttəfiq ölkələr üçün də hazırlanır. Bu barədə Türkiyə Müdafiə Sənayesi Başqanlığının rəhbəri Haluk Görgün məlumat verib.
Redaksiya istinadla xəbər verir ki, Görgün Türkiyənin hazırda dünyada eyni vaxtda ən çox hərbi gəmi inşa edən ölkələrdən biri olduğunu bildirib. MILGEM proqramı çərçivəsində yeddi İ sinifli freqatın üç müxtəlif türk tərsanəsində paralel şəkildə inşası davam edir.
2025-ci ildə TCG İzmir, TCG İzmit və TCG İçel adlı üç yeni MILGEM İstif sinifli freqat suya buraxılıb. Bu gəmilərdə yerlilik səviyyəsinin 80 faizdən yüksək olduğu bildirilir.
Üç freqat daha sonra ilk dəfə birlikdə Türkiyənin “Mavi Vətən” adlandırdığı dəniz məkanlarında birgə fəaliyyət həyata keçirib. Ankara yerli hərbi gəmi istehsalını həm donanmanın modernləşdirilməsi, həm də müdafiə sənayesi ixracının genişləndirilməsi baxımından prioritet istiqamətlərdən biri hesab edir.
