Trampın süni intellektlə yaradılmış “Papa” fotosu katoliklərdə narazılıq doğurdu.
Redaksiya xarici KİV-lərə istinadən məlumat verir ki, ABŞ Prezidenti Donald Trampın süni intellekt vasitəsilə yaradılmış və özünü Papa libasında əks etdirən görüntünü paylaşması geniş tənqidlərə səbəb olub. Tənqidlər xüsusilə katolik icmaları və dini dairələrdən gəlib.
Tramp bu görüntünü şənbə günü özünün Truth Social platformasında yayımlayıb. Şəkil onun ağ libasda, qızıl xaç və baş geyimi ilə — Roma Papasına bənzədilmiş süni intellekt təsviridir. Maraqlıdır ki, paylaşım, Papa I Fransiskin vəfatından və qarşıdakı konklav (yeni Papa seçimi) öncəsi günlərində edilib.
Xüsusilə vurğulanır ki, Tramp nə katolikdir, nə də müntəzəm olaraq kilsəyə gedir. Bu səbəbdən bir çox katolik icması onun bu addımını “hörmətsizlik” və “dini simvolların siyasiləşdirilməsi” kimi qiymətləndirib.
Qalmaqalı daha da böyüdən məqam isə Ağ Evin rəsmi X hesabından bu görüntünün yenidən paylaşılması olub. Bu, məsələyə dövlətin rəsmi qurumlarının da dolayısı ilə cəlb olunduğu kimi anlaşılaraq tənqidləri gücləndirib.
Hazırda nə Tramp, nə də Ağ Ev məsələ ilə bağlı rəsmi açıqlama verməyib.
Sevinc Kərimova
