Trampdan Tehrana sərt xəbərdarlıq: Nüvə addımı olarsa, ABŞ hərəkətə keçəcək

Trampdan Tehrana sərt xəbərdarlıq: Nüvə addımı olarsa, ABŞ hərəkətə keçəcək

Sevinc Kərimova · Siyasət ·

ABŞ rəsmiləri İranla nüvə danışıqları üzrə planların dağılmaq üzrə olduğunu bildiriblər. Məlumata görə, tərəflər arasında mövcud fikir ayrılıqları və qarşılıqlı ittihamlar diplomatik prosesin gələcəyini ciddi sual altına alır.

Redaksiya Axios-a istinadla xəbər verir ki, ABŞ prezidenti Donald Tramp İranın ali dini lideri Ayətullah Əli Xameneinin hazırda “çox ciddi şəkildə narahat olmalı olduğunu” bəyan edib. O, Vaşinqtonun Tehranın nüvə proqramını yenidən başlatmağa cəhd göstərdiyi barədə məlumatlar aldığını bildirib və belə bir hal baş verərsə, ABŞ-nin yenidən hərbi təyyarələr göndərəcəyini açıqlayıb.

ABŞ prezidentinin sözlərinə görə, İranın nüvə fəaliyyətlərinin bərpası regional və beynəlxalq təhlükəsizlik üçün ciddi təhdid yarada bilər. Bu kontekstdə o, diplomatiyanın üstünlük təşkil etdiyini, lakin ABŞ-nin təhlükəsizlik maraqlarını qorumaq üçün sərt addımlar atmaqdan çəkinməyəcəyini vurğulayıb.

İran tərəfi isə Vaşinqtonun mövqeyinə sərt reaksiya verib. Tasnim agentliyinə danışan yüksək vəzifəli iranlı rəsmi ABŞ-nin tələbləri və ritorikasının daim dəyişdiyini bildirib. Onun sözlərinə görə, İran heç bir təhdid qarşısında geri çəkilməyəcək və öz mövqeyindən imtina etməyəcək.