Redaksiya xarici mətbuatlara istinadən xəbər verir ki, ABŞ Prezidenti Donald Trampın Qəzza zolağındakı vəziyyətə dair bu həftəsonu geniş bir sülh planı açıqlayacağı gözlənilir. Bu barədə "Israel Hayom" nəşrinə danışan ABŞ rəsmisi məlumat verib.
Məlumata görə, planın əsas məqsədi müharibəni dayandırmaq və Qəzzada siyasi sabitlik yaratmaqdır. Təklif olunan variantlar arasında Hamasın bölgənin sivil idarəsində iştirakına icazə verilməsi, həmçinin Hamas rəhbərlərinə toxunulmazlıq statusu tanınması da yer alır.
"Israel Hayom"un yazdığına görə, Tramp və İsrail Baş naziri Bünyamin Netanyahu arasında münasibətlər son zamanlar ciddi şəkildə pisləşib. Trampın Netanyahu ilə bağlı "məni məyus etdi" dediyi qeyd olunur. İsrail mediası yazır ki, Tramp artıq Netanyahu ilə bütün əlaqələrini kəsib və onu "doğru yola qaytarmaq" istədiyini bildirib.
Bəzi İsrail mənbələri, o cümlədən “Army Radio” və “Walla” nəşrləri, Trampın Netanyahuya olan etibarını tamamilə itirdiyini və onun şəxsi siyasi maraqlarını prioritetə çevirdiyini hesab etdiyini bildirir.
Hazırda beynəlxalq ictimaiyyət Trampın planını və Netanyahu hökumətinin bu plana verəcəyi reaksiyanı diqqətlə izləyir.
Sevinc Kərimova
