ABŞ Prezidenti Donald Tramp, Vladimir Putinlə Alyaskada keçiriləcək tarixi zirvədən iki gün əvvəl Avropa liderləri və Ukrayna Prezidenti Vladimir Zelenski ilə videokonfrans formatında görüşüb.
Redaksiya xəbər verir ki, mənbələrin “Axios”a bildirdiyinə görə, Tramp görüşdə əsas məqsədinin atəşkəs əldə etmək və tamhəcmli sülh sazişinə nail olmaq imkanlarını qiymətləndirmək olduğunu deyib. Avropa Komissiyasının Prezidenti Ursula fon der Leyen bu danışıqları “çox yaxşı” adlandıraraq Avropa, ABŞ və NATO-nun Ukraynaya dəstəyinin əsaslarını gücləndirdiyini bildirib. NATO Baş katibi Mark Ryutte isə Trampın liderliyinə və müttəfiqlərlə sıx koordinasiyasına görə təşəkkür edərək “indi top Putinin meydanındadır” ifadəsini işlədib.
Almaniya Kansleri Fridrix Merts “zor gücü ilə sərhədlərin dəyişdirilməməsi prinsipinin” qorunmalı olduğunu vurğulayaraq, Kiyevə hər hansı sazişdə güclü təhlükəsizlik zəmanətlərinin daxil edilməsini tələb edib. Fransa Prezidenti Emmanuel Makron isə Trampın Alyaska görüşündə ABŞ-ın atəşkəs məqsədi daşıdığını, Ukrayna ərazilərinin Kiyevin iştirakı olmadan müzakirəyə çıxarılmayacağını açıq şəkildə ifadə etdiyini bildirib. Makron əlavə edib ki, ərazi mübadiləsi ilə bağlı ciddi təklif gündəmdə deyil və Tramp Putin və Zelenski ilə üçtərəfli görüş keçirməyi hədəfləyir.
Zelenski isə Alyaska zirvəsinin atəşkəsə fokuslanacağına ümidini ifadə etməklə yanaşı, Putinin müharibəni bitirmək niyyəti barədə “blef” etdiyini, görüş ərəfəsində Rusiya ordusunun bütün cəbhə xəttlərində təzyiqi artırdığını qeyd edib.
Sevinc Kərimova
