İranın keçmiş yollar və şəhərsalma naziri Mehrdad Bəzrpaş Araz dəhlizi layihəsinin davam etdirilməsinin ölkəsinin milli maraqları və Cənubi Qafqazdakı geosiyasi mövqeyi baxımından strateji əhəmiyyət daşıdığını bildirib. O, ABŞ-ın iştirakı ilə TRIPP layihəsinin irəli aparıldığı bir vaxtda İranın alternativ nəqliyyat marşrutlarından imtina etməməli olduğunu vurğulayıb. Bu barədə Bəzrpaş “Tasnim” xəbər agentliyi üçün qələmə aldığı məqalədə bildirib.
Redaksiya mənbəyə istinadən xəbər verir ki, keçmiş nazirin sözlərinə görə, Araz dəhlizi təşəbbüsü mərhum Prezident İbrahim Rəisinin rəhbərlik etdiyi 13-cü hökumət dövründə Zəngəzur dəhlizi ilə bağlı planlara və Cənubi Qafqazdakı geosiyasi dəyişikliklərə cavab olaraq hazırlanıb.
Bəzrpaş qeyd edib ki, “İran yolu” adlandırılan bu təşəbbüsün əsas məqsədi ölkəsinin regional tranzit proseslərində iştirakını qorumaq və Azərbaycanla Naxçıvan Muxtar Respublikası arasında İran ərazisindən keçən dayanıqlı nəqliyyat əlaqəsi yaratmaq olub.
Onun sözlərinə görə, Araz dəhlizi yalnız nəzəri təklif kimi qalmayıb, layihənin həyata keçirilməsi üçün konkret razılaşmalar əldə edilib.
Keçmiş nazir bildirib ki, 2023-cü ilin iyununda Sankt-Peterburqda keçirilən görüşlər zamanı məsələ müzakirə olunub və Azərbaycan, eləcə də Ermənistan tərəfləri ilə ilkin razılaşmalar əldə edilib.
Həmin ilin avqustunda isə İran və Azərbaycan arasında Araz dəhlizi ilə bağlı layihələrin reallaşdırılmasını və Astarada sərhəd körpüsünün tikintisini nəzərdə tutan saziş imzalandığını qeyd edib.
Bəzrpaşın sözlərinə görə, layihənin icrasının “Xatəm əl-Ənbiya” Tikinti Qərargahına həvalə edilməsi prosesi hökumətin sürətləndirilmiş prosedura razılığından sonra tamamlanıb. Eyni zamanda, zəruri torpaq sahələrinin əldə edilməsi və ilkin tikinti tədbirlərinin həyata keçirilməsi istiqamətində işlər aparılıb.
Bundan sonra Araz çayı üzərində birgə sərhəd körpüsünün və ona birləşən avtomobil yollarının tikintisinə başlanılıb.
Keçmiş nazir xatırladıb ki, 2024-cü ilin mayında Prezident İbrahim Rəisi layihələrin icra vəziyyəti ilə tanış olmaq üçün tikinti sahələrinə səfər edib.
Məqalədə bildirilir ki, Araz tranzit dəhlizinin ilkin layihəsi ümumi uzunluğu 107 kilometr olan marşrutu əhatə edib. Layihənin təxmini dəyəri 49 trilyon rialdan çox qiymətləndirilib.
Bu vəsait hesabına avtomobil yolunun, birləşdirici körpülərin tikilməsi və gələcəkdə dəmir yolu əlaqəsinin yaradılması nəzərdə tutulub.
Bəzrpaş vurğulayıb ki, layihənin əsas üstünlüyü Azərbaycanın əsas hissəsi ilə Naxçıvan arasında Zəngəzur marşrutundan asılı olmayan alternativ bağlantının təmin edilməsidir.
Onun fikrincə, bu təşəbbüs Azərbaycan və İran üçün qarşılıqlı iqtisadi fayda yaratmaqla yanaşı, Tehranın Cənubi Qafqazdakı tranzit rolunu da gücləndirə bilər.
Keçmiş nazir Ermənistanla nəqliyyat və infrastruktur əməkdaşlığının inkişaf etdirilməsini də İranın regional strategiyasının mühüm istiqamətlərindən biri kimi təqdim edib.
O bildirib ki, İran şirkətlərinin Ermənistanın Aqarak–Qacaran yol hissəsinin tikintisində iştirakı və sərhəd bağlantılarının inkişafı həmin siyasətin tərkib hissəsi olub.
Bəzrpaşın fikrincə, İran Cənubi Qafqazda nəqliyyat və geosiyasi gələcəyini yalnız bir marşrutdan, bir ölkədən və ya konkret siyasi vəziyyətdən asılı vəziyyətə salmamalıdır.
Əksinə, müxtəlif istiqamətlərdə nəqliyyat əlaqələrini inkişaf etdirməklə və region ölkələri ilə əməkdaşlığı genişləndirməklə özünün seçim və danışıqlar imkanlarını artırmalıdır.
Keçmiş nazir ABŞ-ın iştirakı ilə irəli aparılan TRIPP layihəsinə də toxunub. Onun qiymətləndirməsinə görə, söhbət yalnız yeni nəqliyyat yolunun yaradılmasından getmir.
Bəzrpaş hesab edir ki, İranın şimal sərhədləri yaxınlığında formalaşan yeni tranzit mexanizmləri regionun qüvvələr balansına, təhlükəsizlik münasibətlərinə və gələcək nəqliyyat şəbəkələrinə təsir göstərə bilər.
O, bu səbəbdən regiondakı dəyişikliklərin yalnız iqtisadi və infrastruktur baxımından deyil, uzunmüddətli geosiyasi nəticələri nəzərə alınmaqla qiymətləndirilməsinin vacibliyini vurğulayıb.
Mehrdad Bəzrpaş İranın hazırkı, 14-cü hökumətini əvvəlki razılaşmaların icrasına və Araz dəhlizi layihəsinin tamamlanmasına üstünlük verməyə çağırıb.
Onun sözlərinə görə, Azərbaycan və Ermənistanla tranzit əməkdaşlığının genişləndirilməsi, alternativ marşrutların inkişafı və başlanmış layihələrin başa çatdırılması hökumət dəyişikliklərindən asılı olmamalıdır.
Keçmiş nazir həmçinin Milli Tranzit Qərargahının imkanlarından istifadə edilməsini, müntəzəm iclasların keçirilməsini və aidiyyəti qurumlar arasında koordinasiyanın gücləndirilməsini təklif edib.
Bəzrpaş xəbərdarlıq edib ki, region ölkələrinin nəqliyyat infrastrukturunu sürətlə inkişaf etdirdiyi şəraitdə qərarların gecikdirilməsi İran üçün bərpası çətin olan iqtisadi və geosiyasi imkanların itirilməsinə səbəb ola bilər.
“Regionun geosiyasi münasibətlərində əldən verilmiş imkanları hər zaman geri qaytarmaq mümkün olmur”, – deyə İranın keçmiş naziri vurğulayıb.
Qeyd edək ki, Bəzrpaşın TRIPP layihəsinin mümkün geosiyasi nəticələri barədə fikirləri onun siyasi qiymətləndirməsini əks etdirir. Araz dəhlizinin tamamlanmasının regiondakı qüvvələr balansına konkret təsiri isə layihələrin icrası və gələcək regional razılaşmalardan asılı olacaq.
