Tramp Knessetdə çıxışında Yaxın Şərqdə yeni dövrün başladığını elan edib

Tramp Knessetdə çıxışında Yaxın Şərqdə yeni dövrün başladığını elan edib

Sevinc Kərimova · Siyasət ·

ABŞ Prezidenti Donald Tramp İsrail parlamentində — Knessetdə çıxış edərək “İsrailin və Yaxın Şərqin qızıl dövrünün başlandığını” bildirib. Tramp çıxışı zamanı baş nazir Benyamin Netanyahu haqqında “Onunla işləmək asan deyil, amma onu böyük edən də budur” deyib. (Trampın çıxışı zamanı etiraz plakatı qaldıran deputatlar Ayman Ode və Ofer Kassif təhlükəsizlik əməkdaşları tərəfindən zaldan çıxarılıb.)

Redaksiya xəbər verir ki, Tramp çıxışı zamanı ABŞ-ın İsrailə verdiyi hərbi dəstəkdən danışaraq “Biz dünyanın ən güclü silahlarını istehsal edirik və İsrail onları düzgün istifadə etdi — sülh güc vasitəsilə gəldi” deyib. O, HƏMAS-ın və Qəzzanın silahsızlaşdırılacağını, həmçinin İranla sülh sazişinə nail olmağın mümkünlüyünü vurğulayıb.

Tramp “səkkiz ayda səkkiz müharibəni bitirdiklərini” və “Qəzza müharibəsinin də artıq sona çatdığını” bildirib. Prezident çıxışını “İsrail, sən qalib gəldin. Dünyanın hər yerində insanlar küçələrdə rəqs edir, bu uzun və çətin müharibə bitdi” sözləri ilə tamamlayıb.