Tramp: İsrail artıq lobbiçilik gücünü itirib, dəstək azalır

Tramp: İsrail artıq lobbiçilik gücünü itirib, dəstək azalır

Sevinc Kərimova · Siyasət ·

ABŞ Prezidenti Donald Tramp İsrailin Konqresdəki mövqeyinin əvvəlki kimi güclü olmadığını və ölkənin beynəlxalq imicinin ciddi zərər gördüyünü bildirib. O, bu barədə “Daily Caller” nəşrinə müsahibəsində danışıb.

Redaksiya Jerusalem Post-a istinadla xəbər verir ki, Tramp İsrailin əvvəllər ABŞ Konqresində ən güclü lobbi qüvvəsinə malik olduğunu, lakin indi bu təsirin əhəmiyyətli dərəcədə zəiflədiyini vurğulayıb: “İsrail Konqresdə gördüyüm ən güclü lobbi idi. Onların tam nəzarəti var idi, indi isə yoxdur. Mənim üçün bu, bir qədər təəccüblüdür.”

Tramp qeyd edib ki, İsrail Qəzzada hərbi əməliyyatları davam etdirsə də, bu müharibə ölkənin beynəlxalq reputasiyasına mənfi təsir göstərir: “Onlar müharibəni udurlar, amma ictimai rəydə uduzurlar. Bu, İsrailə ciddi ziyan vurur.”

ABŞ prezidentinin sözlərinə görə, son aylarda aparılan rəy sorğuları da bu tendensiyanı təsdiqləyir – amerikalıların yarıdan çoxu İsrailə mənfi münasibət bəsləyir, hətta respublikaçılar arasında da dəstək azalıb. Tramp əlavə edib ki, “7 oktyabr hadisələri artıq unudulub” və bu, İsrailin mövqeyini daha da zəiflədir.

Müsahibə fonunda İsrail Baş naziri Benyamin Netanyahu Trampın qismən girov razılaşmasına qarşı çıxdığını bildirərək onun “tam güclə əməliyyatlara davam” mövqeyini bölüşdüyünü qeyd edib. Netanyahu əlavə edib ki, beynəlxalq ictimaiyyətin İsrailə verdiyi legitimlik pəncərəsi məhduddur və “yarımçıq razılaşma” bu fürsəti əldən alar.

Sevinc Kərimova