ABŞ prezidenti Donald Tramp 25 sentyabrda Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanı Ağ Evdə qəbul edəcəyini açıqlayıb. O bildirib ki, görüş zamanı hər iki ölkə üçün strateji əhəmiyyət kəsb edən məsələlər müzakirə olunacaq.
Redaksiya xəbər verir ki, Tramp açıqlamasında Boeing təyyarələrinin iri miqyaslı satışı, kritik F-16 müqaviləsi və nəticəsinin müsbət olacağı gözlənilən F-35 danışıqları da daxil olmaqla bir sıra ticarət və hərbi razılaşmalar üzərində çalışdıqlarını qeyd edib. ABŞ lideri bu sahədə əməkdaşlığın daha da genişlənəcəyinə ümidvar olduğunu vurğulayıb.
Tramp, Ərdoğanla münasibətlərinin həmişə yaxşı olduğunu bildirib: “25-də onu görməyi səbirsizliklə gözləyirəm”. ABŞ və Türkiyə prezidentlərinin görüşündə tərəflərin regional təhlükəsizlik, müdafiə əməkdaşlığı və ikitərəfli əlaqələrin gücləndirilməsi məsələlərinə diqqət yetirəcəkləri gözlənilir.
