ABŞ Prezidenti Donald Tramp bu ilin əvvəlində ticarət naziri Hovard Lutniki (Howard Lutnick) vəzifəsindən azad etməyə yaxın olub. Buna səbəb nazirin maliyyəçi Ceffri Epşteynin şəxsi adasına səfər etdiyini etiraf etməsi olub. Lakin Lutnikin Trampın prezident kitabxanasına 25 milyon dollar ianə verməsindən sonra prezident onun vəzifədən çıxarılması məsələsini müzakirə etməyi dayandırıb. Bu barədə “The Wall Street Journal” (WSJ) nəşri məsələdən xəbərdar mənbələrə istinadən məlumat yayıb.
Redaksiya mənbəyə istinadən xəbər verir ki, Tramp Lutnikin Epşteynlə əlaqələrinə dair məlumatlar üzə çıxdıqdan sonra onun hökumətdəki gələcəyini ciddi şəkildə nəzərdən keçirib. Nəşrin mənbələri prezidentin naziri vəzifədən uzaqlaşdırmağa yaxın olduğunu bildiriblər.
Məlumata görə, milyarder iş adamı və “Cantor Fitzgerald” maliyyə şirkətinin keçmiş rəhbəri olan Lutnik Trampın prezident kitabxanasının yaradılması üçün 25 milyon dollar ianə edib. Bundan sonra Trampın nazirin mümkün istefası barədə danışmağı dayandırdığı iddia olunur.
Hovard Lutnik daha əvvəl 2012-ci ildə həyat yoldaşı və uşaqları ilə birlikdə Ceffri Epşteynin Karib dənizində yerləşən şəxsi adasında nahar etdiyini etiraf edib. Bu açıqlama onun Epşteynlə əlaqələrini daha əvvəl dayandırdığı barədə söylədikləri ilə bağlı suallar yaradıb.
Epşteynlə əlaqələrinə dair məlumatların yayılmasından sonra ABŞ Konqresində həm Respublikaçılar, həm də Demokratlar Partiyasından olan bəzi qanunvericilər Lutnikin istefasını tələb ediblər.
Bununla belə, WSJ-nin məlumatında ianə ilə Trampın mövqeyinin dəyişməsi arasında əlaqə mənbələrin açıqlamalarına əsaslanır. İanənin nazirin vəzifədə saxlanılması müqabilində verildiyi müstəqil şəkildə təsdiqlənməyib.
Donald Tramp isə noyabrın 20-də Hovard Lutnikə dəstəyini davam etdirdiyini bildirib. ABŞ Prezidenti onu yaxşı iş adamı kimi xarakterizə edib.
