Tramp: “Epşteyn sənədləri Demokratların saxta uydurmasıdır”

Tramp: “Epşteyn sənədləri Demokratların saxta uydurmasıdır”

Sevinc Kərimova · Siyasət ·

ABŞ prezidenti Donald Tramp Ceffri Epşteynlə bağlı yayılan sənədləri “əsassız və saxta Demokrat uydurması” adlandırıb. O, bu sənədlərin administrasiyasını hədəf almaq məqsədi daşıdığını bildirib.

Redaksiya xəbər verir ki, Tramp sosial şəbəkədə etdiyi paylaşımda Epşteyn məsələsinin illərdir davam etdiyini vurğulayıb: “Eyni şey illərlə yenə təkrarlanır, Epşteyn, Epşteyn, Epşteyn. Öz şəxsi maraqları naminə administrasiyamı hədəf alan insanlar var. Ceffri Epşteyn sanki heç vaxt ölmür.”

Tramp sənədlərin arxasında sabiq prezident Barak Obamanın, Hillari Klintonun, Ceyms Kominin, Con Brennanın və Co Bayden administrasiyasının olduğunu iddia edib: “Bu sənədləri məhz həmin cinayətkar dairələr hazırlayıb və mənə qarşı istifadə ediblər. Bu, Hillari Klinton və Kristofer Stil saxtakarlığı ilə eyni ssenaridir.”

Prezident həmçinin “dost” adlandırdığı şəxsləri də tənqid edib və onların bu oyuna alət olduqlarını deyib.

Sevinc Kərimova