Tramp casusluq qalmaqalına görə Nvidia rəhbərini müdafiə edib

Tramp casusluq qalmaqalına görə Nvidia rəhbərini müdafiə edib

Aytac Dəniz · Media ·

ABŞ Prezidenti Donald Tramp Nvidia şirkətinin baş direktoru Censen Huanqın adı ətrafında yaranmış casusluq qalmaqalına münasibət bildirib. Tramp Huanqı dürüst insan kimi qiymətləndirərək onun haqqında səsləndirilən iddialara aydınlıq gətirilməsinin vacibliyini vurğulayıb.

Redaksiya Reuters agentliyinə istinadən xəbər verir ki, Tramp noyabrın 8-də jurnalistlərə açıqlamasında Nvidia rəhbəri ilə bağlı yayılan məlumatlardan xəbərdar olduğunu, lakin həmin vaxt onunla bu məsələni müzakirə etmədiyini söyləyib.

“Mən bu barədə onunla danışmamışam. Sadəcə bilirəm ki, o, yaxşı insandır. Amma nələrin baş verdiyini heç vaxt dəqiq bilmirsən. Ümid edirəm ki, hər şey qaydasındadır”, – deyə ABŞ Prezidenti bildirib.

Tramp Huanqın ABŞ-ın texnologiya sektoruna verdiyi töhfələri də yüksək qiymətləndirib.

“Məncə, o, şərəfli insandır. Ölkəmiz üçün möhtəşəm işlər görüb”, – deyə prezident vurğulayıb.

Nvidia rəhbərinin şəxsi münasibətləri ilə bağlı iddialara toxunan Tramp onun məsələyə dair izahatının ola biləcəyini söyləyib.

“Məncə, yəqin ki, bunun üçün bir izahı var. Onu dinləmək lazımdır”, – deyə Tramp qeyd edib.

Qalmaqal Censen Huanqın həyat yoldaşına xəyanət etdiyini etiraf etməsindən sonra gündəmə gəlib. ABŞ mediasının məlumatına görə, onun münasibətdə olduğu iddia edilən çinli iş qadınının Pekinə məlumat ötürməsi ilə bağlı kəşfiyyat şübhələri mövcuddur.

Bu məlumatların yayılmasından sonra Nvidia-nın Direktorlar Şurası Huanqın xarici kəşfiyyat əməliyyatının hədəfinə çevrilib-çevrilmədiyini müəyyənləşdirmək üçün araşdırmaya başlayıb.

Şirkət hazırda ABŞ-ın milli təhlükəsizliyinə və ya Nvidia-nın kommersiya sirlərinə zərər dəydiyini düşünmək üçün əsas olmadığını bildirib.

Jurnalistlər Trampdan gələn həftə Asiyaya planlaşdırılan səfərində Huanqın da iştirak edib-etməyəcəyini soruşublar.

“Bilmirəm, amma onu məmnuniyyətlə özümlə aparardım”, – deyə ABŞ Prezidenti cavab verib.

Bununla belə, noyabrın 9-da Tramp Huanqla artıq danışdığını açıqlayıb. Prezidentin sözlərinə görə, Nvidia rəhbəri ona həmin qadının mümkün casusluq fəaliyyəti barədə məlumatı olmadığını bildirib.

Tramp Huanqın izahatına inandığını və ABŞ Federal Təhqiqatlar Bürosunun (FTB) də məsələni araşdırdığını qeyd edib.

Qeyd edək ki, Huanqın şəxsi münasibətləri barədə etirafı casusluq iddialarının sübuta yetirildiyi anlamına gəlmir. Araşdırmanın nəticələri hələ açıqlanmayıb.