Tramp Arizonada minillik arxeoloji abidəni buldozerlə dağıdıb?

Tramp Arizonada minillik arxeoloji abidəni buldozerlə dağıdıb?

Aytac Dəniz · Media ·

ABŞ-da Tramp administrasiyasının sərhəd divarı layihəsi zamanı Arizonada təxminən 1000 illik yerli xalqlara məxsus arxeoloji məkan zədələnib. Söhbət Sonora səhrasında, Meksika ilə sərhəd yaxınlığında yerləşən Las Playas intaglio abidəsindən gedir.

Redaksiya The Intercept-ə istinadla xəbər verir ki, ağır tikinti texnikası Kabeza Prieta Milli Vəhşi Təbiət Sığınacağında yerləşən nadir yerüstü təsvirin bir hissəsindən keçib. Abidənin qədim O’odham xalqları ilə bağlı olduğu və dini-mədəni baxımdan xüsusi əhəmiyyət daşıdığı bildirilir.

Məlumata görə, Las Playas intagliosu torpaq səthində daşların sıyrılması ilə yaradılmış iri ölçülü fiqurdur. ABŞ Gömrük və Sərhəd Mühafizəsi tikinti podratçısının ərazini “istəmədən” zədələdiyini təsdiqləyib və abidənin qalan hissəsinin qorunacağını bildirib.

Hadisə ABŞ-da sərhəd divarı tikintisi ilə bağlı ekoloji və mədəni irsin qorunması müzakirələrini yenidən gündəmə gətirib. Tənqidçilər bildirirlər ki, tikinti prosesinin sürətləndirilməsi yerli xalqların tarixi məkanları və qorunan təbiət əraziləri üçün ciddi risk yaradır.