Ukrayna, Rusiyanın BAEA-dakı üzvlüyünün dayandırılmasını tələb edir

Ukrayna, Rusiyanın BAEA-dakı üzvlüyünün dayandırılmasını tələb edir

Sevinc Kərimova · Siyasət ·

Ukrayna, Beynəlxalq Atom Enerjisi Agentliyinin (BAEA) İdarəçilər Şurasının fövqəladə iclasında Rusiyanın iştirakının dayandırılmasını tələb edir. Bu, Kiyevin Rusiyanın Ukrayna enerji sisteminə qarşı həyata keçirdiyi hücumlar fonunda baş verir.

Redaksiya EADaily-ə istinadən məlumat verir ki, Avstriya paytaxtında BAEA İdarəçilər Şurasının fövqəladə iclası keçirilir. İclasdan əvvəl Rusiyanın Vyana şəhərindəki beynəlxalq təşkilatlardakı daimi nümayəndəsi Mixail Ulyanov bildirib ki, iclası Şuranın sədri olan Niderland çağırıb, lakin gündəlik məlum deyil.

Kiyevdə isə iclasda nədən bəhs edildiyi barədə məlumat verilib. Ukrayna Energetika naziri Denis Şmıqal bildirib ki, Ukrayna Rusiyanın BAEA İdarəçilər Şurasındakı üzvlüyünün dayandırılmasını tələb edib. Bundan əlavə, Kiyev Rusiyanın hüquqlarının məhdudlaşdırılması ilə bağlı BAEA Nizamnaməsinə dəyişikliklər təşəbbüsü ilə çıxış edib. Nazir əlavə edib ki, iclas Ukraynanın xahişi ilə təşkil olunub və bu barədə BAEA-nın baş direktoru Rafael Qrossi ilə əvvəlcədən razılıq əldə olunub. Ukraynanın iclas təşəbbüsü ilə çıxış etməsinə səbəb isə Rusiya ordusunun Ukraynanın enerji sisteminə qarşı həyata keçirdiyi cavab zərbələri olub. Şmıqal qeyd edib ki, Rusiya sistematik və məqsədyönlü şəkildə Ukrayna atom elektrik stansiyalarını xarici enerji ilə təmin edən elektrik yarımstansiyalarına hücum edib. Bundan əvvəl Rusiya və Ukrayna arasında enerji barışığı əldə olunub. Moskva bu barışığın Donald Trampın xahişi ilə fevralın 1-dək davam edəcəyini təsdiqləyib.