Amerikalı milyarder İlon Mask ABŞ-in ikinci vətəndaş müharibəsi astanasında olduğunu düşündüyünü açıqlayıb. O, bu fikrini X sosial şəbəkəsində paylaşdığı qısa şərhlə ifadə edib və ölkədə artan siyasi və ictimai gərginliyə diqqət çəkib.
Redaksiya xəbər verir ki, İlon Mask “Feels like it” ifadəsi ilə Minneapolisdə baş verən etirazlar və hazırkı administrasiya ilə liberal qüvvələr arasında dərinləşən qarşıdurmanın “Vətəndaş müharibəsi 2.0”nın başlanğıcı kimi qiymətləndirildiyi paylaşıma münasibət bildirib. Onun bu şərhi ABŞ cəmiyyətində mövcud olan parçalanma barədə müzakirələri yenidən gündəmə gətirib.
Maskın açıqlamasında vurğulanıb ki, ölkə daxilində siyasi düşərgələr arasında qarşıdurma getdikcə kəskinləşir və bu proses artıq institusional çərçivələrdən kənara çıxmaq təhlükəsi yaradır. O, açıq şəkildə müharibə ifadəsini işlətməsə də, mövcud vəziyyətin ciddi eskalasiyaya işarə etdiyini qeyd edib.
Xatırladaq ki, ABŞ tarixində vətəndaş müharibəsi 1861–1865-ci illərdə baş verib. Münaqişə quldarlıq və ştatların hüquqları ilə bağlı uzunmüddətli ziddiyyətlər fonunda 11 cənub ştatının ayrılaraq Konfederativ Ştatlar yaratması ilə başlayıb. Müharibə 1861-ci ilin aprelində Fort Samterə hücumla alovlanıb və 4 il davam edib.
Nəticədə İttifaqın 1865-ci ildə qələbəsi ABŞ-in bütövlüyünü qoruyub saxlayıb və On üçüncü düzəlişlə quldarlıq ləğv edilib. Bununla belə, müharibə ölkə üçün son dərəcə ağır insan və iqtisadi itkilərlə yadda qalıb və bu günə qədər ABŞ siyasi yaddaşında dərin iz buraxıb.
