Böyük Britaniyada yeniyetmələrin sosial mediaya çıxışı müzakirə olunur

Böyük Britaniyada yeniyetmələrin sosial mediaya çıxışı müzakirə olunur

Sevinc Kərimova · Cəmiyyət ·

Böyük Britaniya hökuməti 16 yaşdan aşağı şəxslərin sosial mediadan istifadəsinin qadağan olunması imkanını müzakirəyə çıxarıb. Bu təşəbbüs son dövrlərdə artan siyasi dəstək fonunda gündəmə gəlib və xüsusilə uşaqların psixoloji sağlamlığının qorunması, onlayn təhlükəsizlik risklərinin azaldılması ilə əsaslandırılır.

Redaksiya BBC News-a istinadla xəbər verir ki, məsələ ilə bağlı ictimai məsləhətləşmələr Avstraliyanın ötən ay 16 yaşdan aşağı şəxslər üçün 10 sosial media platformasında qadağa tətbiq etməsindən sonra sürətlənib. Avstraliya nümunəsi bir sıra britaniyalı siyasətçilər tərəfindən presedent kimi qiymətləndirilir və oxşar addımın Böyük Britaniyada da atıla biləcəyi bildirilir.

Tərəfdarların fikrincə, sosial şəbəkələrdə erkən yaşda aktivlik uşaqlar arasında asılılıq, kiberzorakılıq və psixoloji gərginlik risklərini artırır. Onlar hesab edirlər ki, yaş məhdudiyyəti tətbiq etməklə valideynlərin yükü azaldıla və dövlət səviyyəsində əlavə qoruyucu mexanizm yaradıla bilər.

Qadağaya qarşı çıxanlar isə bu cür məhdudiyyətlərin praktikada icrasının çətin olacağını, eləcə də yeniyetmələrin rəqəmsal savadlılığının və ifadə azadlığının məhdudlaşdırıla biləcəyini vurğulayırlar. Müzakirələrin nəticəsi olaraq hökumətin yaxın aylarda konkret qərar qəbul edib-etməyəcəyi açıqlanacaq.