Dünya ictimaiyyəti tərəfindən diqqətlə izlənən hadisələrdən biri də Albaniyanın paytaxtı Tiran şəhərində keçirilən 8-ci Dəhliz Nazirlər Toplantısı oldu.
Redaksiya məlumat verir ki, toplantı Albaniya Avropa və Xarici İşlər naziri Elisa Spiropalinin ev sahibliyində baş tutub. Toplantıda əlaqələrin inkişaf etdirilməsi, davamlılıq və regional inteqrasiya sahələrində əməkdaşlığın irəlilədilməsi məsələləri müzakirə olunub. Şimali Makedoniya xarici işlər və xarici ticarət naziri Timço Mucunski, İtaliya baş nazirinin müavini və xarici işlər naziri Antonio Tajani, Bolqarıstan xarici işlər nazirinin müavini Nikolay Pavlov və Rumıniyanın Albaniyadakı səfiri Oktavian Şerban da toplantıda iştirak ediblər.
Albaniya Avropa və Xarici İşlər naziri Spiropali toplantının açılışında çıxış edərək, 8-ci Dəhlizin Avropa əlaqələri və təhlükəsizliyi üçün strateji əhəmiyyət kəsb etdiyini və Albaniyanın bu layihənin ən etibarlı düyünlərindən biri olduğunu bildirib. O, 8-ci Dəhlizin yalnız bir investisiya deyil, həm də strateji zərurət olduğunu vurğulayıb. Spiropali ölkəsinin 8-ci Dəhlizin inşası üçün işlər apardığını qeyd edərək, "Ölkə daxilində Dəhliz milli nəqliyyat strategiyamızın mərkəzindədir. Dəyəri 2 milyard avrodan çox olan prioritet layihə portfelimiz var və onların çoxu artıq tətbiqə hazırdır" deyə bildirib. Spiropali, 8-ci Dəhlizin təkcə ticarət və iqtisadi artıma deyil, həm də Qara dəniz və Aralıq dənizində kollektiv müdafiəyə, davamlılığa və sabitliyə töhfə verdiyini vurğulayıb. Şimali Makedoniya xarici işlər və xarici ticarət naziri Mucunski də iştirakçı ölkələrin 8-ci Dəhlizin Adriatik, İon və Qara dəniz arasında çox mühüm bir əlaqə olduğu barədə razılığa gəldiyini bildirib. İtaliya baş nazirinin müavini və xarici işlər naziri Tajani isə 8-ci Dəhlizin ticarət üçün həyati əhəmiyyət kəsb etdiyini vurğulayıb.
Toplantı çərçivəsində 8-ci Dəhlizlə bağlı "Tiran Bəyannaməsi" qəbul edilib. Spiropali bəyannamənin ortaq siyasi öhdəliklərini əks etdirdiyini və qurumlararası əməkdaşlığı gücləndirdiyini bildirib. Nazirlər toplantısı çərçivəsində "Strateji əlaqədən regional iqtisadi artıma: 8-ci Dəhlizin iqtisadi potensialı" adlı İqtisadi Forum da keçirilib. 8-ci Dəhliz Adriatik dənizindən Qara dənizə qədər uzanan, Cənub-Şərqi Avropanı şərq-qərb oxunda birləşdirməyi hədəfləyən çox modullu (quru yolu, dəmir yolu və liman) bir nəqliyyat dəhlizi kimi ön plana çıxır.
