İran İnqilab Keşikçiləri Korpusu Küveytdəki aviabazaya raket zərbəsi endirdiyini açıqlayıb.
Redaksiya xəbər verir ki, SEPAH hücumu Hörmüzgan vilayətindəki Sirik adasında yerləşən rabitə qülləsinə edilən zərbəyə cavab kimi təqdim edib.
SEPAH-ın bəyanatında bildirilib ki, İran qüvvələri həmin hücumun həyata keçirildiyi aviabazanı hədəfə alıb və “bütün hücum qüvvələrini məhv edib”.
Korpus ABŞ-ın hər hansı yeni hücumuna cavabın “tamamilə fərqli” olacağı barədə xəbərdarlıq edib.
Bəyanatda hücum zamanı uşaqların öldüyü iddia olunub və bunun məsuliyyətinin ABŞ administrasiyasının üzərində olduğu bildirilib.
Hadisə ABŞ və İran arasında hərbi gərginliyin daha da kəskinləşdiyi, Fars körfəzi və Hörmüz boğazı ətrafında təhlükəsizlik risklərinin artdığı dövrə təsadüf edir.
Hələlik ABŞ və Küveyt tərəfi hücumun miqyası, itkilər və bazaya dəyən ziyanla bağlı ətraflı rəsmi məlumat açıqlamayıb.
