TDT geosiyasi mərkəzə çevrilməkdədir – ŞƏRH

TDT geosiyasi mərkəzə çevrilməkdədir – ŞƏRH

Sevinc Kərimova · Siyasət ·

Türk Dövlətləri Təşkilatı son illərdə, həm siyasi, həm iqtisadi, həm də təhlükəsizlik baxımından önəmli bir geosiyasi mərkəzə çevrilməkdədir.

Türk dövlətlərini birləşdirən ortaq tarixi və mədəni köklər Türk Dövlətləri Təşkilatının ideoloji və mənəvi təməlini təşkil edir. Bu, təşkilatın daxili həmrəyliyini artırır və inteqrasiya prosesini asanlaşdırır. TDT üzvü olan ölkələr Avropa, Asiya və Yaxın Şərq arasında yerləşərək enerji yollarına, ticarət marşrutlarına və təhlükəsizlik balansına ciddi təsir göstərə biləcək bir mövqedədir.

Qeyd edilənlər də öz növbəsində təşkilata beynəlxalq aləmdə artan marağın səbəblərdir. Xüsusilə Azərbaycan, Qazaxıstan və Türkmənistan kimi ölkələrin zəngin enerji ehtiyatları təşkilatın iqtisadi və siyasi gücünü artırır. Bu da TDT-ni enerji təhlükəsizliyi baxımından önəmli aktora çevirir.

Türk Dövlətləri Təşkilatı, Rusiya, Çin, ABŞ, AB kimi güclərin maraq dairəsində olan bir bölgədə yerləşir. TDT üzv ölkələri bu güclərlə ikitərəfli və çoxtərəfli əməkdaşlıq edərək öz maraqlarını qorumağa çalışır. Türk Dövlətləri Təşkilatı son illər yalnız mədəni inteqrasiya platforması deyil, həm də ticarət, nəqliyyat, enerji, müdafiə və diplomatiya sahələrində əməkdaşlıq edən, qlobal səviyyədə strateji çəki qazanan bir təşkilata çevrilmişdir.

Bu səbəbdən də, TDT-nin gələcək illərdə daha ciddi geosiyasi mərkəzlərdən birinə çevrilməsi gözləniləndir. Son illərdə dünya siyasətində mühüm dəyişikliklər baş verir. Qloballaşmanın zəifləməsi, güc mərkəzlərinin şaxələnməsi və regional təşkilatların artan rolu fonunda Türk Dövlətləri Təşkilatı öz mövqeyini daha da gücləndirir. Ortaq tarix, dil, din və mədəniyyətə əsaslanan bu təşkilat artıq təkcə mədəni inteqrasiya platforması deyil, ciddi bir geosiyasi aktor kimi formalaşmaqdadır. Məlum olduğu kimi Təşkilatın əsası 2009-cu ildə Naxçıvan Sammiti ilə qoyulub. Əvvəlcə “Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurası” kimi fəaliyyət göstərən bu qurum, 2021-ci ildən etibarən rəsmi olaraq Türk Dövlətləri Təşkilatı adını aldı. Hazırda Azərbaycan, Türkiyə, Qazaxıstan, Qırğızıstan, Özbəkistan təşkilatın üzvləri, Türkmənistan və Macarıstan isə müşahidəçi statusuna malik ölkələrdir. Bu struktur Orta Asiyadan Anadoluyadək uzanan geniş bir coğrafi ərazidə, ümumilikdə 170 milyondan çox əhalini, böyük enerji ehtiyatlarını və strateji nəqliyyat marşrutlarını əhatə edir.

Bu günlərdə Təşkilata daxil olan ölkələrin liderləri yenidən Azərbaycanda, ölkəmizin dilbər guşələrindən biri olan Qəbələ şəhərində toplaşdılar.

Təşkilatın Qəbələ Zirvəsi səslənən bəyanatlar, qəbul edilən qərarlar baxımından xüsusi əhəmiyyətə malikdir. Liderlərin sülh çağırışları müasir dünyada baş verən münaqişələrin fonunda xüsusi diqqət çəkirdi.

Fərid Əhmədov;
Neftçala rayonu