TDI: Azərbaycan yeni sülh dövrünə rəhbərlik edir: maraqlı diplomatik model

TDI: Azərbaycan yeni sülh dövrünə rəhbərlik edir: maraqlı diplomatik model

Sevinc Kərimova · Siyasət ·

Azərbaycan prezidenti İlham Əliyev 2 oktyabrda Danimarkanın paytaxtı Kopenhagendə keçirilən Avropa Siyasi Birliyi (EPC) sammitində iştirak edib. Bu tədbir 9 oktyabrda Qəbələdə keçirilən Türkdilli Dövlətlərin Təşkilatı (TDT) sammiti və Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramovun Tacikistanın paytaxtı Düşənbədə Müstəqil Dövlətlər Birliyinin (MDB) Xarici İşlər Nazirləri Şurasında iştirakı ilə eyni vaxta təsadüf edib.

Redaksiya xəbər verir ki, The Diplomatic Insight nəşrinin yaydığı məlumata görə, bu diplomatik fəallıq Azərbaycanın beynəlxalq arenada sabitlik və sülhün qorunmasında artan rolunu göstərir. Qlobal səviyyədə müharibələrin və siyasi qarşıdurmaların artdığı bir dövrdə Bakı humanist və çoxvektorlu diplomatiya xətti ilə fərqlənir.

Son illərdə Azərbaycanın əsas diplomatik uğurlarından biri Ermənistanla əldə edilən sülh razılaşmasıdır. ABŞ prezidenti Donald Trampın vasitəçiliyi ilə baş tutan danışıqlarda prezident İlham Əliyev tarixi Qarabağ münaqişəsini yekunlaşdırmaq və qarşılıqlı faydalı sülh sazişinə nail olmaq üçün prinsipial mövqe nümayiş etdirib. Bu təşəbbüs Cənubi Qafqaz regionunu gələcəkdə qlobal ticarət və əməkdaşlıq mərkəzinə çevirmək potensialına malikdir.

Avropa İttifaqı (Aİ) da Azərbaycanın bu humanist siyasətini yüksək qiymətləndirir. Rusiya-Ukrayna müharibəsindən sonra Avropanın enerji təhlükəsizliyi baxımından Bakı mühüm tərəfdaşa çevrilib. Macarıstanın baş naziri Viktor Orban Kopenhagendəki EPC sammitində Azərbaycanın “Avropanın qızıl ehtiyatı” olduğunu bəyan edib. Prezident İlham Əliyev sammit çərçivəsində Fransa prezidenti Emmanuel Makron, İtaliyanın baş naziri Corciya Meloni və Avropa Komissiyasının rəhbəri Ursula fon der Lyayenlə regional sülh, enerji təhlükəsizliyi və humanitar əməkdaşlıq məsələlərini müzakirə edib.

Azərbaycan eyni zamanda MDB və TDT platformalarında da fəal rol oynayır. Qəbələdə keçirilən TDT sammitində iştirak edən dövlət başçıları Bakı ilə İrəvan arasında sülh sazişini alqışlayaraq “sülh, təhlükəsizlik və rifah içində türkdilli dünya” vizyonuna sadiqliklərini təsdiqləyiblər. Bu diplomatik fəallıq göstərir ki, Azərbaycan hegemon güclərin diktəsinə əsaslanmayan, qarşılıqlı hörmət və beynəlxalq hüquq prinsiplərinə dayanan yeni sülh dövrünün öncülüdür.