Suriyanın Prezidenti Əhməd Şaraa BMT-də tarixi çıxış etdi

Suriyanın Prezidenti Əhməd Şaraa BMT-də tarixi çıxış etdi

Sevinc Kərimova · Siyasət ·

Suriyanın Prezidenti Əhməd Şaraa BMT Baş Assambleyasında ilk dəfə nitq söyləyib. O, çıxışında İsrailin ölkəsinə qarşı davam edən hücumlarını qınayaraq, 1974-cü il qüvvələrin ayrılması sazişinə sadiq olduqlarını və dialoqun tərəfdarı olduqlarını bildirib.

Redaksiya xəbər verir ki, Əhməd Şaraa Suriyanın şanını, ləyaqətini və şərəfini bərpa etməkdə qətiyyətli olduqlarını vurğulayıb: “Bu gün bəyan edirəm ki, həqiqətin yalan üzərində qələbəsi yetişib, yalan isə məhv olub. Suriya xalqlar arasında haqlı yerini bərpa edir.”

Prezident çıxışında Suriyalılara yardım edən və onları qəbul edən ölkələrə təşəkkür edib. O, xüsusilə Türkiyə, Qətər, Səudiyyə Ərəbistanı, bütün ərəb və islam dövlətlərini, həmçinin Avropa İttifaqı və ABŞ-ı minnətdarlıqla yad edib.

Əhməd Şaraa Suriyanın ağır itkilər yaşadığını xatırladaraq bunları heç kimə arzulamadıqlarını deyib: “Biz müharibə və dağıntının dəhşətlərini ən dərindən yaşayan xalqlardanıq. Buna görə də Qəzza xalqının yanında qətiyyətlə dayanırıq.”

O, çıxışını “Suriyanın hekayəsi bitməyib, indi sülh, rifah və inkişaf adlanan yeni bir fəsil yazılır. Biz qisas almaq üçün deyil, ədalət üçün savaşdıq. Allahın salamı üzərinizə olsun” sözləri ilə tamamlayıb.