Süni intellekt kimlərin əlində olacaq? - AÇIQLAMA

Süni intellekt kimlərin əlində olacaq? - AÇIQLAMA

Aytac Dəniz · Texnologiya ·

“Meta Platforms”un həmtəsisçisi və baş icraçı direktoru Mark Zukerberq süni intellektin inkişafı və gələcəyi ilə bağlı mühüm açıqlamalar verib. O, süni intellekt üzərində nəzarətin azsaylı ekspertlər və ya təşkilatların əlində cəmləşməsinin qarşısını almağın vacibliyini vurğulayıb. Zukerberqin fikrincə, bu texnologiya geniş şəkildə əlçatan olmalı və hər bir insan öz fərdi süni intellekt agentindən müstəqil şəkildə istifadə etmək imkanına sahib olmalıdır.

Mövzu ilə bağlı informasiya texnologiyaları (İT) üzrə mütəxəssis Elvin Abbasov Modern.az-a açıqlama verib:

“Mark Zukerberqin bu açıqlamaları "Meta" şirkətinin xüsusilə açıq kodlu (open-source) süni intellekt modelləri üzərində qurduğu strateji baxışın tərkib hissəsidir. O, süni intellektin gücünün tək bir mərkəzdən idarə olunması əvəzinə, fərdlərin və kiçik bizneslərin əlində sərbəst alətə çevrilməsini texnologiyanın gələcəyi üçün daha effektiv hesab edir. Zukerberqin fərdi istifadəni üstün tutmasının əsas səbəbi hər bir insanın öz ehtiyaclarına, unikal iş üslubuna və dəyərlərinə uyğunlaşan fərdi agentlərə sahib olmasını təmin etməkdir. Bu model şəxsi məlumatların mərkəzi serverlərə ötürülmədən daha təhlükəsiz saxlanılmasına imkan verir, eyni zamanda milyonlarla tərtibatçının prosesə qoşulması ilə innovasiyaların və rəqabətin qat-qat sürətlənməsinə şərait yaradır.
Süni intellektin azsaylı ekspertlərin, iri korporasiyaların və ya dövlətlərin əlində mərkəzləşməsi isə rəqəmsal ekosistem üçün ciddi təhdidlər formalaşdırır. Mərkəzləşdirilmiş sistemlərdə texnologiyanı idarə edən tək bir qrup informasiya süzgəcinə, senzuraya və modelin "doğru" hesab etdiyi ideoloji yönləndirmələrə təkbaşına qərar vermək gücünə sahib olur. Bu durum qlobal miqyasda inhisarçılığa, kiçik bizneslərin və inkişaf etməkdə olan ölkələrin böyük texnoloji giqantlardan tam iqtisadi asılılığına gətirib çıxarır. Eyni zamanda, bütün cəmiyyətin tək bir mərkəzi Sİ modelindən asılı olması massiv kiberhücumlar zamanı qlobal təhlükəsizlik böhranı yaradır və kütləvi rəqəmsal nəzarət (surveillance) riskini maksimuma qaldırır”.