Sumqayıtın Ukrayna icması CƏRİMƏLƏNDİ

Sumqayıtın Ukrayna icması CƏRİMƏLƏNDİ

Aytac Dəniz · Cəmiyyət ·

“Sumqayıt şəhərində İ.Franko adına Ukrayna İcması” İctimai Birliyi (İB) maliyyə hesabatlarını dərc etmədiyinə görə cərimələnib.

Maliyyə Nazirliyi tərəfindən İB-nin İnzibati Xətalar Məcəlləsinin (İXM) 462.1-ci (Mühasibat uçotu üzrə qanunvericiliyin pozulması) maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsi ilə bağlı protokol tərtib edilərək müvafiq sənədlərlə birlikdə Sumqayıt Şəhər Məhkəməsinə göndərilib.

İnzibati xəta haqqında işə məhkəmədə baxılarkən müəyyən edilib ki, İB-dən illik maliyyə hesabatlarının təqdim edilməsi tələb olunub və bunun üçün əlavə olaraq 30 günlük müddət verilib. Lakin həmin müddət ərzində də hesabat təqdim edilməyib.

İş materiallarında qeyd edilib ki, “Sumqayıt şəhərində İ.Franko adına Ukrayna İcması” İB 2025-ci il üzrə maliyyə hesabatlarını Azərbaycan Respublikası Maliyyə Nazirliyinə təqdim etməyib. 

Məhkəmə iclasında İB-nin nümayəndəsi izahat verib. O bildirib ki, hər il aprel ayında maliyyə hesabatlarının təqdim edilməsi barədə məlumatlı olub. Nümayəndənin sözlərinə görə, hesabatın hazırlanaraq təqdim edilməsi üçün könüllü işçiyə müvafiq göstəriş verilsə də, həmin şəxs tapşırığı yerinə yetirməyib.

İB-nin nümayəndəsi məhkəmədən qanunvericiliyə uyğun olaraq aşağı həddə cərimə tətbiq edilməsini xahiş edib.

Məhkəmənin qərarı ilə icma İXM-in 462.1-ci maddəsi ilə təqsirli bilinərək 1500 manat məbləğində cərimə edilib. 

Qeyd edək ki, “Sumqayıt şəhərində İ.Franko adına Ukrayna İcması” İB 2017-ci ilin dekabr ayında rəsmən fəaliyyətə başlayıb. Tamilya Musayeva tərəfindən Sumqayıt şəhərində təsis edilən İB-nin hazırda təxminən 150 üzvü olduğu bildirilir.

Plat.az